Bu ərazilərdə sürüşmə aktivləşib (SİYAHI)

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr aparılır, mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir.

Aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınsa da, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə sürüşmə sahəsində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliyində, Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı sürüşmə sahələrində, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə