Sabah müəllimlərin bayramıdır, bəs valideynlərin…? – SORĞU

Sabah müəllimlərin bayramıdır, bəs valideynlərin…? – SORĞU

Məlum olduğu kimi, oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixin qeyd edilməsinə dair ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO qərar verib. Adıçəkilən təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Hazırda dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı kimi qeyd edir.

 

Həmin gün Azərbaycanda da "təntənə" ilə keçirilir. Artıq 10 günə yaxındır ki, Azərbaycan məktəblərində bu günə xüsusi hazırlıq görülür. Yəni, məktəblərdə bu günlə əlaqədar olaraq qanunsuz pullar, əsassız ödənişlərin yığımına başlanılıb. Qeyd edək ki, bu pulların məbləği məktəblərin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.                                                                                                                                                                                                                                                               

 

Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər əsasında bu qənaətə gəldik ki, hörmətli nazir Misir Mərdanovun göstərişinə demək olar ki, məhəl qoyan yoxdur. Şikayətçilərin sözlərinə görə, ən yüksək məbləğ 9 və 11-ci sinif şagirdlərindən tələb edilir: aşağı siniflərdən 10-20, 9-11-ci siniflərdən isə 30-50 manat arası pul yığılır.

 

Bununla əlaqədar olaraq SİA əməkdaşları bir neçə orta məktəbə baş çəkib. Səbail rayonunda yerləşən 7 və 8 saylı orta məktəblərdə əməkdaşlarımızın şagirdlərlə apardığı söhbət zamanı məlum olub ki, həqiqətən də müəllimlər günü ilə əlaqədar olaraq bəzi siniflər fərdi, bəzi siniflər isə kollektiv şəkildə pul yığırlar. Bizi görən müəllimlər və 8 saylı məktəbin direktoru Aytən Baxşəliyeva buna qəti etirazlarını bildirdilər. Ancaq valideynlərlə söhbət zamanı məlum oldu ki, müəllimlərin dedikləri həqiqətə uyğun deyil.

 

Daha sonra isə əməkdaşlarımız övladları məktəbə gedən jurnalistlər arasında sorğu keçirmək qərarına gəlib. İndi isə həmin jurnalistlərin müəllim günü ilə bağlı nə qədər xərclərinin çıxdığını sizə təqdim edirik.

 

SİA-nın icraçı direktoru Vəli Vəliyev:

 

- Hamıya məlumdur ki, hər il orta məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır. Bunu etiraf etmək lazımdır. Əgər biz neqativ halları görüb ona reaksiya vermiriksə, deməli başımıza gələnlərin günahı elə özümüzdədir. Hər bir insan istəyir ki, onu tarixi günlərdə təbrik etsinlər. Müəllimlərin də buna haqqı çatır. Lakin bu zorla, müxtəlif təzyiqlərlə ediləndə cavabı da sərt olur. Mən də istərdim ki, belə faktlara qarşı Təhsil Nazirliyi sərt tədbirlər görsün. Əksinə, faktlar açılanda  ziyanını pul yığan müəllimlərin əvəzinə, şagird və valideynlər çəkməsinlər. Təhsil Nazirliyi belə halları bilən kimi günahkarları ifşa etsin, cəzalandırsın. 

 

Səs qəzetinin baş redaktorunun köməkçisi Zakir Rəhimov:

 

- Övladlarım Binəqədi rayonu 216 saylı orta məktəb təhsil alırlar. Onların məktəblərində Müəllimlər Günü ilə bağlı pul yığmırlar. Müəllim müqəddəs varlıq olduğu üçün onları təbrik etməliyik.

 

"Azad Azərbaycan" qəzetinin əməkdaşı Nailə Məmmədova:

 

- Məktəbdə deyiblər ki, bu il Müəllimlər Günü ilə bağlı pul yığılmayacaq. Kim istəsə, müəllərini fərdi qaydada təbrik edə bilər. Biz valideynlər qərara gəldik ki, pul yığaraq müəllimlərə gül hədiyyə edək.

 

Yeni Azərbaycan qəzetinin əməkdaşı Kəbutər Haqverdi:

 

- Qızım 8-ci sinifdə oxuyur. Ayda cəmi 5 manat fond pulu verirəm. Müəllim Günü ilə bağlı isə bu il pul yığılmır. Ötən il bu günlə bağlı pul yığmaq istəyəndə qızım zarafatla sinifdə Təhsil Nazirliyinin "Qaynar xətt"inə müraciət edəcəyini deyib. Ondan sonra həmin il onların sinfində pul yığılmadı. Amma mən həmin məktəbdə verilən təhsildən narazıyam. Müəllimlər Günü ilə bağlı pul istəməsələr də hədiyyə alaraq qızımla göndərirəm.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Laçın Sultanova:

 

- Biz bu il müəllimləri fərdi qaydada yox, kollektiv şəkildə təbrik etmişik. Övladım ibtidai sinifdə oxuduğundan onlarda 15 manatdan yığırlar. Mənə elə gəlir ki, bu könüllü şəkildə olsa daha yaxşı olar. Amma bəzi hallarda məcburi şəkildə olur. Bizdə isə bu könülü idi. Könüllü şəkildə hər hansı bir valideyn istəsə, öz müəllimi təbrik edə bilər.

 

ANS Televiziyasının əməkdaşı İlqar Mikayıloğlu:

 

- Övladlarım Türkiyə Dəyanət Vəqfinə aid Bakı Özəl Türk Liseyində oxuyurlar. Orada elə şey yoxdur. Türkiyə Dəyanət Vəqfinə aid Bakı Özəl Türk Liseyində həqiqətən pul yığılmır. Ona görə də hər şey qaydasındadır. 

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) əməkdaşı Samirə Allahverdiyeva:

 

- Övladım II sinifdə oxuyur. Müəllimlər Günü ilə əlaqadar məktəbdə pul yığılıb. Cari ildə Müəllimlər Günü ilə əlaqədar olaraq 50 manat xərcimiz çıxıb. Övladımın təhsil aldığı məktəbdə şagirdlər və valideynlər müəllimləri fərdi şəkildə təbrik edirlər. Kollektiv şəkildə 10 manat, 20 manat verən valideynlərin pulları geri qaytarılır ki, fərdi şəkildə gəlib onları təbrik etsinlər. 

 

Qeyd edək ki, təhsil naziri Msir Mərdanov tərəfindən Müəllimlər Günü ilə əlaqədar olaraq məktəblərdə pul yığımlarına qarşı çıxsa da, bununla əlaqədar olaraq xəbərdarlıq etsə də, hələ də məktəblərdə bu kimi özbaşınalıqlara son qoyulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə