117 saylı Oğuz -Qəbələ seçki dairəsindən millət vəkili seçilən Aqiyə Naxçıvanlı Oğuz rayonunun ağsaqqalları ilə görüş keçirib.
SİA-nın məlumatına görə, millət vəkili ilk olaraq tədbir iştirakçılarının diqqətini respublikamızda, eləcə də rayonlarımızda aparılan abadlıq və quruculuq işlərinə, ictimai-siyasi, mədəni həyatımızda baş verən yeniliklərə yönəltmiş, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində rayonumuzun qısa müddət ərzində sosial-iqtisadi inkişafından danışıb. Qazanılan uğurların əldə edilməsində rayon ağsaqqallarının da əməyinin əvəzsiz olduğunu qeyd edib: “Ta qədimlərdən bu yana Azərbaycan xalqının həyatında ağsaqqalların, yaşlı insanların rolu, onlara olan hörmət, ehtiram önəmli yer tutub. Nə qədər inkişaf etsək də, müasirləşsək də sürətlə inkişaf edən dünyada gənc nəslin tərbiyəsi, onların düzgün istiqamətləndirilməsi çox mühüm məsələdir. Cəmiyyətimizə nüfuz edən “Avropa dəyərləri” hec də həmişə özü ilə yaxşı şeylər gətirmir. Bu gün bizi narahat edən erkən nikahlar, boşanmaların artması, gənclərin zərərli vərdişlərə meyl etməsi və s. bu kimi məsələlərin həlli tək qanunlarla mümkün deyildir. Bu sahədə əsas yük ağsaqqalların, böyüklərin də boynuna düşür. Çünki Azərbaycanda ağsaqqallıq institutu min illərin sınağından uğurla çıxmış, xalqımız ən çətin anlarında uğurla fəaliyyət göstərib. Elə götürək işsizliyi. İşsizliyin əsas səbəblərindən biri gənclərin əziyyət çəkmədən daha asan yolla pul qazanmaq istəyidir. Bu da onların ailədə zəhmətə alışdırılmamağından irəli gəlir”.
“Mən sizinlə bu məsələləri müzakirə etməyə, məsləhətləşməyə gəlmişəm” deyən, Aqiyə Naxçıvanlı ağsaqqalların fikirlərini dinləməyə hazır olduğunu bildirib.
Ağsaqqalların nümayəndələri çıxış edərək dövlət tərəfindən Oğuzda aparılan tikinti-abadlıq işlərindən, insanların sosial problemlərinin uğurla həll edilməsindən, rayonun kəndlərinə yeni qaz xəttilərinin çəkilişindən, şəhər mərkəzində, kəndlərdə su və kanalizasiya şəbəkəsinin yaradılmasından, kənd yollarının, şəhərdaxili yolların asfaltlanmasından, yeni elektrik xətləri və dirəklərinin quraşdırılmasından, məktəb və bağça tikintilərindən çox razı qaldıqlarını bildiriblər.
Görüşdə həmçinin ağsaqqalları narahat edən problemlərdən də söhbət açılıb. Onlar son dövrlərdə cəbhədə baş verən düşmən təxribatlarının mütəmadi hal almasını, bəzi xarici təşkilatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsini, dövlətçiliyimizə zərbə vurmaq istəyən bir qrup müxalifət meylli insanların “dövlətə xəyanət” xarakterli hərəkətlərini qeyd edərək belə halların onlarda narahatlıq yaratdığını söyləyib və qətiyyətlə pisləyiblər. Onlar bir daha xalqımızın şəhid verməsini, ölkədə hərc-mərcliyin hökm sürməyini istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildiriblər.
Ağsaqqallar çıxışlarında rayon üçün görülməsi vacib olan məsələləri də diqqətə çatdırıblar. Bunlar Oğuzun turizm potensialından istifadə edilməsi, rayonda kənd təsərrüfatının inkişafı üçün suvarma sularının əkin sahələrinə düzgün yönləndirilməsi, istehsal olunan məhsulların realizə edilməsi üçün dövlət dəstəyinin vacibliyi kimi məsələlər olub.
Görüşə yekun vuran deputat Aqiyə Naxçıvanlı ağsaqqallara dəyərli fikir və təkliflərinə görə minnətdarlıq edib, onların arzu və istəklərinin nəzərə alınacağını, görüşlərinin daimi xarakter daşıyacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB