İİNA İcraiyyə Şurasının 25-ci iclası keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının rəsmi media orqanı İİNA agentliyinin İcraiyyə Şurasının 25-ci iclası keçirilib. Krallığın mədəniyyət və informasiya naziri, İcraiyyə Şurasının sədri Avvad bin Saleh əl-Avvadın sədrliyi və İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useyminin iştirakı ilə keçirilən tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan nazir terrora və ekstremizmə qarşı mübarizədə xəbər agentliklərinin roluna diqqət çəkərək bugünkü tədbirin əhəmiyyətini qeyd edib.

Avvad bin Saleh əl-Avvad belə çətin şəraitdə İslam ölkələrinin informasiya vasitələrinin rolunun gücləndirilməsinə və İslam dinin əsil nəcib mahiyyətinin tanıdılmasına böyük ehtiyac olduğunu söyləyib, islamofobiya halları ilə mübarizədə İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Nazir iclasın təşkilini agentliyin inkişaf planlarının həyata keçirilməsi yolunda mühüm addım adlandırıb.

Sonra çıxış edən İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymi İİNA-nın media hazırlığı mərkəzinin İslam dünyasının problemlərini bəşəriyyətə daha yaxşı çatdıra biləcək bacarıqlı media nümayəndələrinin hazırlanmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Baş katib təşkilatın 2025-ci ilədək dövrü əhatə edəcək fəaliyyət proqramında mediaya da əhəmiyyətli yer ayrıldığını qeyd edib.

Əl-Useymin 2016-cı il dekabrın 21-də Ciddədə keçirilmiş İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin konfransında qəbul edilmiş qərarda ümummüsəlman informasiya fəaliyyəti müəssisələrinin, xüsusən İİNA agentliyinin işinə dəstək göstərilməsinin nəzərdə tutulduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...