Aİ nümayəndəliyinin yeni rəhbəri Ombudsman Aparatında

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Ombudsman Aparatından bildiriblər ki, görüşdə E.Süleymanova ölkəmizdə Ombudsman təsisatının yaradılması, qurumun mandatı, fəaliyyət istiqamətləri, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, müxtəlif layihələrdə iştirakı barədə ətraflı məlumat verib. Bildirib ki, Almaniya və Polşanın birgə iştirakı ilə həyata keçirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının müvafiq Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə edir. E.Süleymanova, həmçinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə məlumat verib.

Kestutis Yankauskas məlumat mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirib, Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə