Nəsimi rayonunda YAP-ın 25 illiyi ilə bağlı tədbirlər davam edir FOTO

Bu gün Nəsimi rayon Ağbirçəklər Şurasının və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz-26, Yeni Azərbaycan Partiyası-25" mövzusunda növbət tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, rayonun 200-dən artiq ahıl vətəndaşları ilə Ambassador otelinin akt zalında keçirilən görüş "Ahıl vətəndaşların cəmiyyətimizdə rolu" mövzusunda video-çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva cəmiyyətin yaranması zəruriliyindən və rayonun ictimai – siyasi həyatında ahıl vətəndaşların o cümlədən ağbirçəklərin rolundan geniş danışıb. O bildirib ki, tarix boyu millətimiz tərəfindən daim ağbirçəklərə diqqət və qayğı ilə yanaşılıb: “Ümummilli Liderimiz, Ulu öndər Heydər Əliyev istər ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə, istərsə də ikinci dəfə xalqın tərkidi ilə hakimiyyətə qayıtdıqdan sonra həmişə ahıl vətəndaşlara böyük diqqət və qayğı göstərib. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi bu sahədə də Heydər Əliyev ideyalarını uğurla və layiqincə davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyeva daim ahıllara diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həlli istiqamətində ciddi işlər görür”.

Z.Quliyeva çıxışına davam edərək tədbir iştirakçılarını qarşıdan gələn 18 oktyabr – Müstəqillik günü münasibəti ilə təbrik edib. Bildirib ki, Dövlət Müstəqilliyimizin bərpasından ötən 26 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər: “Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşlarımız üçün əsl qürur mənbəyidir”.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva çıxışında bildirib ki, hər il oktyabr ayının 1-də dünyanın bir çox ölkələri Beynəlxalq Ahıllar gününü kimi qeyd edirlər: “BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunub.

2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.

Ümummilli Lider Heydər Əliyev ahıllara həmişə diqqət və qayğı ilə yanaşır, onlara xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi”.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva çıxışına davam edərək qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Ahıl vətəndaşlara göstərilən diqqət və qayğı siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunan iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qayğısı onların sosial rifahının yaxşılaşdırılmasına xidmət etmişdir”.

Çıxışını davam etdirən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə xanım Verdiyeva qeyd edib ki, bu gün Nəsimi rayonunda əhalinin 7378 nəfərini yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir: “Onlardan 2521 nəfəri kişi, 4857 nəfəri qadındır. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin Sosial xidmət sektorunda 277 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 277 ahıl vətəndaşdan 238 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 49 nəfəri kişidir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır.

Rayonda yaşayan ahıllar Respublikamızın, o cümlədən rayonun ictimai – siyasi həyatında fəal iştirak edirlər. Bu günlərdə respublikamızın müstəqilliyinin 26 ili tamam olur. Respublikamızın müstəqillik əldə etməsində bu gün ki, ahıl vətəndaşlarımızın böyük xidmətləri olub. Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadı sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət – vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib”.

Tədbirdə çıxış edənlər – Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, ATU-nun uşaq stomatologiyası kafedrasının müdiri Rəna Əliyeva və digərləri dövlətimiz tərəfindən ahıl vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, qarşıdan gələn 18 oktyabr – Müstəqillik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.

Tədbirin sonunda bir qrup ahıl vətəndaşlara hədiyyələr təqdim olunub.

R.Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə