Ana dilinin saflığını necə qoruyaq? FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. Bilik Fondunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla bağlı Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib.

Bilik Fondunun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. Akademik ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova Bilik Fondunun maarifləndirici layihələrindən danışıb.

Çıxış edənlər dilimizin incəliyinə xələl gətirən nöqsanların aradan qaldırılması üçün məktəb, ailə və cəmiyyətin birliyinə böyük ehtiyac olduğunu bildiriblər.

Növbəti görüş oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində olub. Görüşdə AMEA Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda mühazirə oxuyub.

S.Sadıqova “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun dilimizin dövlət dili kimi hüquqi statusunu nizamladığını diqqətə çatdırıb, hər bir vətəndaşın bu hüquqa ciddi əməl etməyə, dilin tələblərini yerinə yetirməyə borclu olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə