Fransa şirkəti Azərbaycan üçün ilk sərnişin lokomotivini təqdim edib FOTO

Fransanın şimal – şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsndən SİA-ya verilən məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bildirib ki, ilk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan iddialı layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğumuzu bildiririk. Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu lokomotiv “Alstom” şirkəti ilə “ADY” QSC-nin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Hicran Valehov çıxış edərək bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilir. “Azərbaycan Dəmir Yolları” QSC bundan sonra “Alstom” şirkəti ilə əlaqələri daha da genişləndirəcək.

Qeyd edək ki, bu lokomotivlər Şərq – Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal – Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. AZ4A sərnişin lokomotivi operatorları sərnişin və yük xidmətləri üçün nəzərdə tutulmuş ən münasib həllərlə təmin etmək üçün layihələndirilmiş “Alstom” Prima modulyar platformasına əsaslanır.

Tətbiqat növləri baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Prima AZ4A texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişin xidmətində 160 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır. AZ4A Azərbaycan Dəmir Yollarının texniki tələblərinə əsaslanaraq, QOST1 standart və spesifikasiyalarına riayət edilməklə işlənib-hazırlanmış Prima M4 lokomotividir. Lokomotiv “Alstom” texnologiyasına əsaslanan ən qabaqcıl dartı sisteminə malik olub, minimal texniki xidmət tələb edir və öz modulyar dizaynına görə, yüksək etibarlılıq və aşağı istismar xərcləri təmin edir.

Azərbaycanın Dəmir Yolu şəbəkəsi, təqribən 3000 km dəmir yolu xətti ilə, Qara dənizlə Xəzər dənizi və Rusiya ilə İran arasında vacib əlaqəni təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə