Bu gün Bakı Dövlət Universitetinin Heydər Əliyev Məktəbində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BDU-nun birgə təşkilatçılığı ilə "Elmdə Azərbaycan qadınların rolu" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, iclasda komitənin rəhbərliyi, millət vəkilləri, elm adamları və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olub, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə paylaşmaqla cəmiyyətin inkişafına töhfə verib. Onun sözlərinə görə, Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib: "Zəif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilikdə, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə öz sözünü deyir. Xalqımızın elm tarixində də xanımların xüsusi rolu və yeri var. Bunlardan Akademik Zərifə Əliyeva, İzzət Orucova, Rəfiqə Əliyeva, Aida İmanquliyeva və digərlərinin adlarını çəkə bilərik. Bu gün ad günü ilə bağlı Aida İmanquliyeva haqqında xüsusi danışmaq istərdim. Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan Aida İmanquliyeva nəinki Azərbaycanda, dünyada da tanınıb, sevilib, hər zaman millətimizə baş ucalığı gətirib. Hazırda universitetin şərqşünaslıq fakültəsinin qabaqcıl tələbələri Aida İmanquliyeva adına təqaüd alır. Universitetdə onun elmi fəaliyyətini araşdıran müsabiqələr və konfranslar keçirilir, yubileylər qeyd olunur".
Dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib ki, həyatımızın bütün sahələrinin inkişafında qadın intellektinə, qadın bacarığına həmişə ciddi ehtiyac olub: "Gündən-günə həyatımızın bütün sahələrində əldə etdiyimiz tərəqqi demokratiya və insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Azərbaycan elmində qadınların sayının getdikcə artması bizim daha önəmli uğurumuzdur. Bizim, xüsusilə də gənclərimizin borcudur ki, bu insanları daima yad etsinlər, onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənib davam etdirsinlər. Məhz bu baxımdan keçirdiyimiz dəyirmi masanın əhəmiyyəti böyükdür".
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib ki, hər bir vətəndaş özünün cəmiyyətdəki yerini düzgün müəyyən etməlidir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası qadınların cəmiyyətdə uğur qazanması üçün bərabər imkanlar yaradır: "Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə, xüsusilə texniki, mühəndislik sahəsinə gəlməsində müəyyən problemlər yaradır. Bu gün cəmiyyət humanitar sahə dedikdə qadınları, texniki sahə dedikdə kişiləri fikirləşir. İstedadı, bacarığı və ailə dəstəyi olan qadınlar cəmiyyətdə mütləq uğur qazanacaqlar".
Tədbirin davamında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Ombudsman Elmira Süleymanova və digərləri çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB