Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçirilir​ FOTOLAR

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçirilir​ FOTOLAR

Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçirilir. SİA-nın məlumatına görə, açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək yarışın əhəmiyyətdindən danışıb. O, bu hərəkatın dünyada məşhur olduğunu və Azərbaycanın da sözügedən Olimpiadaya qatılacağını bildirib. Nazir müavini yarışın ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra yarışın yaponiyalı baş hakimi Kohe İşiqamı çıxış edərək Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının həmtəsisçisi olduğunu, ölkəmizdə bu sahənin inkişafı üçün uğurlu işlər aparıldığını qeyd edib. Baş hakim gənclərin bu sahədə təhsil almasının Azərbaycanın inkişafı və onların gələcəyi üçün önəmli olduğunu deyib. O, Azərbaycan gənclərinin bu sahəyə böyük həvəs göstərdiyini və ölkəmizdə robototexnikanın inkişafı üçün hər cür şəraitin olduğunu vurğulayıb.

Daha sonra K.İşiqami bir neçə robotu iştirakçılara təqdim edib.

Nazir müavini İ.Babayev yarış çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirdikdən sonra komandaların mübarizəsinə start verilib.

Qeyd edək ki, yarışda 8-19 yaşlı gənclərimiz mübarizə aparırlar. Onlar robot futbolu (Hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparıblar), açıq kateqoriya (İştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyiblər) və əsas kateqoriya (İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışıblar) üzrə yarışırlar.

Qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

Yarışda Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, “ADA” Universiteti, Akademik Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Təhsil Kompleksi, “British School in Baku”, 215 nömrəli tam orta məktəb, İstək liseyi, 267 nömrəli məktəb-lisey, “SABİS SUN İnternational School”, “Step İT” akademiyası və “ABC College” liseyini təmsil edən 25 komanda iştirak edir.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə