3 saylı "ASAN xidmət"in qarşısında yeni avtobus dayanacaq məntəqəsi yaradılıb

Bakı Nəqliyyat Agentliyi nəqliyyat axınının intensiv olduğu və əsasən əhalinin sıx məskunlaşma zonasından keçən Abbas Mirzə Şərifzadə küçəsində təhlillər aparıb. Agentliyin mütəxəssislərinin apardığı təhlillər zamanı küçədə mövcud olan yol-nəqliyyat infrastrukturunun vəziyyəti öyrənilib, nəqliyyatın axını araşdırılaraq buna maneə yaradan amillər müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Bildirilib ki, digər nəqliyyat vasitələrinin avtobus dayanacaq məntəqəsi ərazisində qanunsuz park edilməsi, eyni zamanda parklanma yerlərinin dayanacaq məntəqələrinə yaxın olması, bunun isə gün ərazində xüsusən də pik saatlarda küçədə nəqliyyatın intensiv axınına ciddi maneə yaratması müəyyən edilən əsas problemlərdəndir. Məhz bu səbəbdən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin (sərnişin avtobusları) dayanacaq məntəqələrinə daxil olmasında və sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz şəkildə minib düşməsində çətinliklər yaranır.

Bununla yanaşı, dayanacağa daxil ola bilməyən avtobuslar yol hərəkət hissəsində saxlayır ki, bu da küçə boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranması ilə nəticələnir. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin hazırladığı tədbirlər planına uyğun olaraq, 2 məntəqədə yeni dayanacaq məntəqəsinin təşkili, 4 məntəqədə nəqliyyat vasitələrinin hərəkətinə ləngimələr yaradan bəzi dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi, yeni taksi dayanacaq məntəqələrinin müəyyən edilməsi, parklanma yerlərinə təkrar baxılması və çatışmayan yol nişanlarının quraşdırılmasına başlanılıb.

"Artıq 3 saylı "ASAN xidmət"in inzibati binasının qarşısındakı parklanma yerləri ləğv edilərək 30 metr məsafədə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib, metronun "İnşaatçılar" stansiyasının qarşısında dayanacaq məntəqəsi üçün nəzərdə tutulmuş ərazi 30 metrdən 70 metrə qədər genişləndirilib. Bundan əlavə, metronun "İnşaatçılar" stansiyası yaxınlığındakı taksi minik avtomobillərinin dayanması üçün dayanacaq məntəqəsi də təşkil edilib", - deyə M.Ağayev diqqətə çatdırıb.

Qeyd edək ki, nəzərdə tutulan tədbirlər Bakı Nəqliyyat Agentliyinin aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Digər çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə