Nazir müavini: “Ölkəmizdə gənclər siyasətinin yeni mərhələsinin təməli qoyulub” AÇIQLAMA

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı bu sahədə sayca 3-cü Dövlət Proqramıdır. Bu proqram "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində qəbul edilib. Yeni Dövlət Proqramı 11 bölmə, 104 bənddən ibarətdir”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, keçən Dövlət Proqramlarında əldə olunan uğurlar və nəticələrə müvafiq olaraq “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında yeni formatda bir çox istiqamətlər, bəndlər öz əksini tapıb: “Məsələn insan hüquqları, gendər bərabərliyi, ekologiya ilə bağlı bundan əvvəlki proqramda ayrı-ayrı bəndlər var idi. Yeni proqramda isə bu istiqamətlərlə bağlı artıq ayrıca bölmə var. İnformasiya texnologiyaları sahəsi müasir dövrün tələbidir. Dövlət Proqramında texnologiyalar vasitəsilə gəncliyimizə tariximizi, mədəni irsimizi çatdırmaq, dünya miqyasında Azərbaycan həqiqətlərini, regionlarda gənclərimiz arasında yeni texnologiyaları təbliğ etmək və onların bu sahədə biliklərə yiyələnməsinə şərait yaratmaq kimi məqamlar əksini tapıb. Keçən Dövlət Proqramlarında da gənclərin sağlamlıqları ilə bağlı bölmələr var idi. Bu proqramda isə artıq yeni məqamlar var. Psixi sağlamlıq, xüsusi qayğıya ehtiyacı olan gənclər və həssas qruplarla işin gücləndirilməsi və s. bu sahəyə aiddir”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclər siyasətinin səmərəliliyinin artırılması istiqamətində bəndlər də öz əksini tapıb: “Gənclər siyasəti sahəsində müvafiq təcrübənin artırılması, kadr potensilaının gücləndirilməsi, xüsusi olaraq gənclər siyasəti sahəsində çalışacaq mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Yeni Dövlət Proqramı ilə ölkəmizdə gənclər siyasətinin keyfiyyəcə yeni mərhələsinin təməli qoyulub. Ölkəmizdə mövcud ənənələr var. Qanunvericilik bazamız isə müəkəmməldir. Bu gün Azərbaycan gənclər siyasəti artıq dünya miqyasında model olaraq tanınır. Təsadüfü deyil ki, 2014-cü ildə BMT xətti ilə ilk Qlobal Gənclər Siysəti Forumu Azərbaycanda keçirildi. Bu nailiyyətlər həm ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, həm də Azərbaycandakı ictimai-siyasi stabillik, daimi inkişaf və eyni zamanda gənclər siyasəti sahəsindəki uğurlarımızın nəticələridir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə