“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına həsr olunmuş müşavirə keçirilib FOTOLAR

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına həsr olunmuş müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, bir çox nazirlik, komitə və digər dövlət rəsmiləri iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib. Sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Dövlət Proqramının qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ölkəmizdə gənclərin mənəvi və fiziki sağlamlığı, məşğulluğu, ictimai işlərdə fəallığı, vətənpərvərlik ruhunda tərbiyəsi, yaradıcılıqlarının dəstəklənməsi, intellektual inkişafı, beynəlxalq səviyyədə əməkdaşlığı və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.

Nazir müavini proqramın reallaşdırılmasında gənclər təşkilatlarının fəallıq nümayiş etdirdiklərini deyib.

O, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının bundan öncəki proqramda əldə olunan nailiyyətlər üzərində qurulduğunu vurğulayıb: “Yeni Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır və Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq. Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.

Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş sənəd müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi təşviq olunur. Proqramda Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb”.

Nazir müavini bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının hazırlanmasına 100-ə yaxın dövlət qurumu, nazirlik və beynəlxalq təşkilatlar cəlb olunub.

“Ötən dövlət proqramına 60 milyon manata yaxın vəsait xərclənib. Proqram çərçivəsində 675 tədbir keçirilib. Onlardan 121-i beynəlxalq səviyyəli tədbir olub. Orta hesabla 2000-ə yaxın gəncin mübadiləsi aparılıb. Yeni proqramda bu işlərin əhatə dairəsi daha da genişləndirilib. Yeni Dövlət Proqramı 11 bölmə, 104 bənddən ibarətdir”,- deyə İ Babayev əlavə edib.

Daha sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsədi ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və digər məsələlərdən ibarətdir.

O, bu istiqamətdə parlamentdə də işlər aparıldığını, Milli Məclisin Gənclər və İdman Nazirliyi, müxtəlif dövlət qurumları, gənclər təşkilatları ilə əməkdaşlıq etdiyini bildirib.

Milli Məclisin komitə sədri Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılmasının gənclər siyasətinin daha səmərəli icra olunmasını təmin edəcəyini qeyd edib.

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyəti və icrası ilə bağlı fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qeyd edib ki, dövlət başçısının gənclər siyasəti və gənclərlə iş sahəsinə, o cümlədən gənclərin asudə vaxtının mənalı və səmərəli təşkil edilməsinə göstərdiyi diqqət və qayğının sayəsində bu sahədə bir sıra uğurlar əldə edilib: “Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, gənclər üçün Prezident Mükafatı təsis edilib, “Gənclər ev”ləri istifadəyə verilib. Azərbaycan gənclərinin ölkədə gedən proseslərdə yaxından iştirak etməsini nəzərə alaraq, növbəti illərdə də vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin dərk edilməsi və dəyərləndirilməsi, gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması mərasimlərinin yüksək səviyyədə keçirilməsi, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması, gənclərin bilikli olmasını və informasiya texnologiyaları mühitində inkişaf etməsini zəruri edir. Eyni zamanda onların yaradıcılığını, intellektual inkişafını stimullaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək üçün bütün sahələrdə gənc nəslin fəal iştirakına dəstək olmaq məsələsi gündəmə gəlir. Gənclərin dini ekstremizm və separatizm kimi təhlükəli və zərərli təsirlərin altına düşməməsi üçün yeni iş formalarından istifadə etmək qarşıda duran məsələlərdəndir”.

O vurğulayıb ki, Dövlət Proqramının qəbul edilməsində əsas məqsəd ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq və bütün sahələrdə gənclərin fəal iştiakına şərait yaratmaqdır: “Bu istiqamətdə onların yaradıcılıq potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, hərbi idman oyunlarının keyfiyyəti və kütləviliyini artırmaq, gənclər təhsil və məşğulluq məsələləri, o cümlədən Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların keçirilməsinə nail olmaq, müasir texnologiyalardan səmərəli istifadə etmək, gənclər arasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirməkdən ibarətdir. Sözügedən məsələləri həyata keçirmək məqsədilə Dövlət Proqramı üzrə Tədbirlər Planı təsdiq edilib və dövlət qurumlarının adları göstərilməklə icra müddətləri müəyyən olunub.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasının gedişinə nəzarət etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Gənclər və İdman Nazirliyi ilə yanaşı, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinə də tapşırılıb.

Fikrimcə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi nəzdində dövlət orqanlarının bu sahəyə cavabdeh olan məsul şəxslərindən ibarət əlaqələndirmə şurasının yaradılması məsələsinə də baxılmalıdır.

Bu məsələ tezliklə həllini tapdıqdan sonra Gənclər və İdman Nazirliyi əlaqələndirmə şurası ilə birlikdə şəhər, rayon gənclər və idman idarələri rəislərinin və gənclər təşkilatları sədrlərinin iştirakı ilə Dövlət Proqramına həsr olunmuş toplantılar keçirməli, konkret tədbirlər planı təsdiq etməli və icrasına başlamalıdır”.

Sonda nazir Azad Rəhimov Dövlət Proqramının icrasında aidiyyatı qurumlara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə