2017-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu

İsveçdə 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının laureatı məlum olub. SİA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb.

Xatırladaq ki, oktyabrın 2-də 2017-ci il üzrə tibb və fiziologiya üzrə Nobel mükafatı laureatları da məlum olub. Onlar ABŞ alimləri Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanqdır.

Oktyabrın 3-də 2017-ci il fizika üzrə Nobel mükafatı laureatı adına ABŞ alimləri Rayner Vayss, Kip Torn və Barri Beriş layiq görülüblər.

Oktyabrın 4-də isə kimya üzrə Nobel mükafatının laureatları məlum olub. Bu mükafata amerikalı Yoahim Frank, isveçrəli Jak Düboşe və britaniyalı Riçard Henderson layiq görülüb.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.

Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə