Bakıdakı subasma sahələri ilə bağlı SON DURUM

Bakıdakı subasma sahələri ilə bağlı SON DURUM

Son günlər yağan yağıntıların təsirindən Bakıdakı bir sıra subasma sahələrində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi, Qala qəsəbəsi subasma sahələrinin dinamikasında aktivlik qeydə alınıb.

Ə.Qaralov bildirib ki, Bakıdakı Zığ-1 sürüşmə ərazisində lokal sahələrdə təbii (atmosfer yağıntıları) texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib.

Bundan başqa, Masazır qəsəbəsində - "Zəli gölü" adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Ə.Qaralov bildirib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlikaslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb:

"Bundan başqa, Abşeron rayonu, Masasız qəsəbəsində M.İbrahimov küçəsi və ətraf ərazilərdə, “Zəli gölü” adlanan ərazidə, Nübar qəsəbəsi sürüşmə sahəsində son günlər əraziyə düşən yağıntıların təsirindən aktivləşmə qeydə alınıb.

Bundan başqa, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyinin sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesi fəallaşıb, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə olunur".

Ə.Qaralov deyib ki, atmosfer yağıntılarının təsirindən Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud olan sürüşmə sahəsinin parametrlərində artım müşahidə edilib.

O əlavə edib ki, Xızı-Altıağac yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb və yol boyu bir necə yerdə yeni uçqun hadisəsi baş verib. (trend)

Bütün xəbərlər Facebook səhifəmizdə