Şamaxıda dağlıq ərazidə qalmış turistlə bağlı yeni məlumat - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşlarının xilas edilməsi əməliyyatı ilə bağlı yeni məlumat yayıb.

SİA-nın FHN-nin saytına istinadən məlumatına görə, məlumatda deyilir: “Oktyabrın 3-də Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub. FHN tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi, texnikası və Aviasiya dəstəsinin “Ka-32A” helikopteri turistlərin axtarışlarına cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyən edilib, onların olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilib. Bundan başqa, həmin ərazidə “UAZ” markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib. Əməliyyat oktyabrın 3-də saat 19:10-da başa çatıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...