Polislər üçün medal təsis edilir

Polislər üçün medal təsis edilir

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən "Azərbaycan Polisinin 100 illiyi" medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Onun sözlərinə görə, medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalından sonra taxılır.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 37 mm və şüaları olan 8 guşəli lövhədən ibarətdir. Medalda həm dövlətçilik həm də polis orqanlarının atributları öz əksini tapacaq”.

Layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə