Mirkazım Seyidov: “Hələ də dünyaya sübut edə bilməmişik ki, mövcud Ermənistan dövlətinin əhatəsi bütünlüklə Azərbaycan dövlətinə məxsusdur” - MÜSAHIBƏ
Rusiyanın Novosibirski vilayətində yaşayan, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təsisçisi, tanınmış yazıçı Mirkazım Seyidovun SİA-ya müsahibəsi
- Azərbaycanın bu gün beynəlxalq aləmdə apardığı xarici siyasəti necə qiymətləndirirsiniz?
- Azərbaycanın beynəlxalq səviyyədə apardığı siyasətlə sözün əsl mənasında böyük nailiyyətlər əldə edilir. Artıq Azərbaycan 8 il müddətində bütün dünya ölkələri ictimiyyətinin fikrini, nəzərini cəlb edə bilib. Ermənistanın dünya dövlətləri tərəfindən terrorçu dövlət kimi qəbul olunması, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını dünyanın bütün dövlətlərinin qəbul etməsi ondan xəbər verir ki, xarici diplomatiyada prezident səviyyəsində bütün lazımi işlər görülüb. Ancaq nədənsə Azərbaycana qarşı olan ədalətli münasibətdə ermənilərin təcavüzkar mövqeyinə qəti şəkildə sərt addımlar atılmır. Bunun həyata keçirilməməsinin müxtəlif yolları var. Əvvəla Azərbaycan özü stareteji bir mövqedə olduğuna görə, böyük, hegemon dövlətlərin diqqət mərkəzində olub.
Bu da bir çox böyük dövlətləri narahat edir. Norveç həmişə Azərbaycanın əleyhinə danışan, Ermənistanı müdafiə edən dövlətlərdən biri olub. Fransa həmişə sırf Ermənistanın mövqeyindən çıxış edib. Rusiya da konkret işə gəldikdə ermənilərə silah, iqtisadi və digər yardımları edib. Son olaraq Rusiyanın Ermənistanla hərbi sahədə sazişi bir daha sübut etdi ki, o, əbədi olaraq Ermənistanın müttəfiqi olaraq qalacaq və bu proseslərin gedişində Rusiyadan nəsə kömək gözləmək lazım deyil.
- Sizin fikrinizcə, BMT-nin 65-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" sənədin təxirə salınması nə dərəcədə düzgün idi?
- Doğrudan da bunun təxirə salınması yerli erməni diasporasının və onların ictimaiyyətdə, beynəlxalq qurumlarda kök atmış, formalaşmış nümayəndələrinin əli ilə birbaşa təsir və təzyiqidir. Təəssüflər olsun ki, onlar həmişə müəyyən nəticələrə nail ola biliblər. Hətta Metyu Brayzanın Azərbaycana səfir kimi təyin olunmasına nə qədər etirazlar, təzyiqlər var. Açıq mənada bildirilir ki, bunlar ermənilərin birbaşa təzyiqləridir. Bu kimi təzyiqlər erməni lobbisinin, diasporasının birbaşa xarici dövlətlərin beynəlxalq qurumdakı havadarları vasitəsilə olunan təzyiqidir.
Doğrudan da Azərbaycan həqiqətlərini, ermənilərin vəhşiliklərini, təcavüzkarlığını, tariximizi saxtalaşdırılmış formada dünyaya təqdim etmələri uzun illərin məhsuludur. Böyük dövlətlərdə olan insanların beyninə hopdurulub ki, doğrudan da Ermənistan uzun müddət burada olan dövlətdir və Ermənistanın özünün Azərbaycan torpaqlarının üzərində qurulması haqqında dünya ictimaiyyətinin xəbəri yoxdur. Elmi cəhətdən bütün dünyaya tam sübut edə bilməmişik ki, doğrudan da bu gün mövcud Ermənistan dövlətinin ərazisi bütünlüklə Azərbaycan torpaqlarına məxsusdur. Bu barədə çoxlu işlər aparmalıyıq. Düzdür, demək olmaz ki, işlər aparılmır. Bu gün beynəlxalq səviyyədə işlər görülsə də, çox az şəkildə dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan-Ermənistan hadisələri ilə bağlı əsərlər yazılır, kitablar çap edilir. Amma bunların böyük əksəriyyəti Azərbaycan ərazisində və ancaq azərbaycanlılara çatdırılır. Bunların dünyaya çatdırılmasında müəyyən bir mexanizm işləmək, diasporanın inkişafına təkan vermək lazımdır. Bizim də böyük bir lobbiçiliyi təmsil edə biləcək dərəcədə diaspora formalaşsaydı, yəqin ki, beynəlxalq təşkilatlarında da Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki qərarlarına müəyyən təsir və təzyiqlər göstərə bilərdi. Amma təəssüf ki, hələdə buna nail olmamışıq. Amma biz ruhdan düşməməliyik.
Biz öz mövqeyimizi möhkəmlədərək əməlimizlə dövlətçiliyə xidmət etməklə bərabər böyük dövlətlərlə dostluğumuzu itirə bilmərik. Bu bizim artıq dövlət siyasətimizdir. İlk növbədə həm Amerika, həm də Rusiya ilə münasibətlərimizi möhkəmlədirməli, xalqların içərisinə inteqrasiya olmalıyıq. Dövlətdə gedən proseslərə siyasətinin mövqeyi başqa, adi vətəndaşların mövqeyi isə tamam başqadır. Məhz ona görə də bunları nəzərə alaraq Amerika, Rusiyada yaşayan xalqlara inteqrasiya etməliyik. Bütün xalqlar bilməlidir ki, biz böyük dövlətlərin havadarlığı ilə təcavüzə məruz qalmışıq. Bu gün bizim tələbimiz haqq tələbidir. İstər dünya formada, istər beynəlxalq standartlara uyğun formada, istərsə də dini zəmində bizim heç bir artıq tələbəmiz yoxdur. Biz ancaq öz işğal olumuş torpaqlarımıza sahib olmaq, öz topraqlarımızı düşmən təcavüzündən qurtarmaq istəyirik.
- ABŞ və Azərbaycan prezidentləri arasında keçirilən görüş iki ölkənin gələcək perspektivlərinə necə təsir göstərəcək?
- Hər bir dövlətin rəhbəri ilə dövlət başçımız görüşürsə, bu ilk növbədə onun müsbət tərəfi kimi qiymətləndirilir. Müxtəlif münasibətlərdə danışıqlarda bugünkü Azərbaycanın həm xarici siyasəti müzakirə olunur, həm də Azərbaycan xalqının mövqeyi ortaya qoyulur. Parlamet seçkiləri ərəfəsində keçirilən görüşdə təbii ki, Amerika prezidenti Barak Obama cənab İlham Əliyevdən seçkilərin hansı səviyyədə qurulması və beynəlxalq demokratik prinsiplərə uyğun olub-olmaması ilə maraqlanıb. Bütün bu söhbətlərin zəminində Azərbaycanın inkişafı, xarici siyasətində mövqeyi ortaya qoyulursa, bu dövlət haqqında ümumi rəy formalaşdırır. Bu müsbət bir tendensiyadir. BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında 100-dən çox dövlətin nümayəndələri iştirak edirdi. B.Obama bu ərəfədə yalnız müəyyən ölkələrin prezidentləri ilə görüşüb ki, onların biri də prezident İlham Əliyev də olub. Bunun özü də beynəlxalq səviyyədə prezidentimizə, dövlətimizə olan diqqətdir. Ümumiyyətlə, Qafqazda layihələrin Azərbaycansız həyata keçirlə bilməməsi tendensiyaları böyük dövlətləri məcbur edir ki, Azərbaycanla müəyyən mənada hesablaşsın və dövlət başçısının fikirləri, onların irəli sürdüyü siyasətlərlə razılaşdırılsın. Bunu bütün sahələrdə Heydər Əliyev idealogiyasının təntənəsi adlandırıram.
- Bildiyiniz ki, qarşıdan parlament seçkiləri gəlir. Sizcə, builki parlament seçkiləri ötən ilki seçkilərdən hansı xüsusiyyətləri ilə fərqlənəcək?
- 7 noyabr tarixində Azərbaycanda çox böyük ictimai bir hadisə baş verəcək. İlham Əliyevin də qərarı var ki, dünyanın hər hansı bir vətəndaşı seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyirsə, qeydiyyatdan keçərək mandat alıb müşahidəçi ola bilər. Bunun özü demokratiyaya doğru atılmış bir addımdır. Bu gün açıq meydandır. Ölkənin hakim Yeni Azərbaycan Partiyasının da yeni simaları ortaya qoyulub. Parlament seçkilərinin şəffaf və demokratik prinsiplərə uyğun şəkildə keçilməsi üçün dövlət səviyyəsində çox münbit şərait yaradılıb. Hamıya eyni efir vaxtı veriləcək. İcra hakimlərinin, icra strukturlarının seçim prosesinə qarışmaması ondan xəbər verir ki, doğrudan da bu il parlament seçkiləri daha şəffaf, demokrartik, insan hüquqları prinsiplərinə uyğun şəkildə həyata keçiriləcək. Ümidvaram ki, builki parlament seçkiləri əvvəlki illərdən daha çox fərqlənəcək.
Bu gün 6-7 deputat saya bilərəm ki, onlar 5 il ərzində fəal iştirak ediblər. Həmin 6-7 millət vəkili doğrudan da Azərbaycançılıq ideyaları, dövlətin apardığı siyasət uğrunda fədakarlıq edən deputatlar olublar. Amma təəssüf ki, onlar çox azdır. Güman edirəm ki, bu parlament seçkilərində belə fədailər qəti sözünü deyə biləcək, siyasətini xalqın iradəsini ortaya qoya biləcək deputatlar seçiləcək. Mən hər bir deputata indidən uğurlar arzulayıram.
- Mirkazım Seyidovun builki parlament seçkilərində iştirak etmək fikri varmı?
- Yox, mənim elə bir fikrim yoxdur. Parlament seçkilərində hələ ki təmsil olunmaq fikrinə düşməmişəm. Hələ vaxt var. Bilmək olmaz, bəlkə də birdən-birə fikrimi dəyişib 1 gün qalmış mən də namizədliyimi verdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB