Qobustan əhalisi artıq keyfiyyətli su ilə təmin olunur

Qobustan əhalisi artıq keyfiyyətli su ilə təmin olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib. SİA xəbər verir ki, dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

Bildirildi ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya-texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. “Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək ümumiyyətlə mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Bütün xəbərlər Facebook səhifəmizdə