“Məmməd Araz poeziya günü” geniş şəkildə qeyd olunacaq

Yaxın günlərdə Xalq Şairi Məmməd Arazın adını daşıya poeziya gününə start veriləcək. Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, ikinci dəfə təşkil olunacaq “Məmməd Araz poeziya günü”nə Yazıçılar Birliyi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da dəstək verəcək. Paytaxtdan kənarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bir neçə məktəbdə Məmməd Araz yaradıcılığına həsr olunmuş müsabiqə elan olunub və qaliblər şairin doğum günü ərəfəsində mükafatlandırılacaq. Silsilə tədbirlər Fəxri xiyabanda ustad şairin məzarının ziyarət olunması ilə yekunlaşacaq.

Q.Əzizxanlı deyib ki, “Məmməd Araz poeziya günü” ilk dəfə ötən ilin oktyabrında şairin doğum günü münasibətilə keçirilib. Şairin məzarını ziyarətlə başlayan tədbir Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirilib. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı tədbir ölkənin aparıcı informasiya agentliklərində, telekanallarda və mətbuatda geniş şəkildə işıqlandırılıb. İnanıram ki, bu dəfə də belə olacaq və ikinci dəfə keçiriləcək “Məmməd Araz poeziya günü” də geniş ictimaiyyətə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə