Lənkəran
Bu gün müsəlman dünyasında Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran şəhərində qanvermə aksiyası keçirilib.
Lənkəran şəhərindəki “Böyük bazar” məscidində keçirilən və iki gün davam edən aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən qan verməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən yoxlanılıb.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Sədi Axundzadənin verdiyi məlumata görə, humanitar aksiyada Lənkəran və ətraf rayonların 400-ə yaxın sakini iştirak edib. Onlardan yalnız 200 nəfərindən qan götürülüb.
Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin müdiri Telman Zülfüqarov bildirib ki, aksiyada götürülən qanlar laboratoriyada yoxlanıldıqdan sonra xəstələrə yardım göstərmək məqsədilə sertifikatlaşdırılacaq və qan bankında toplanacaq.
Bərdə
Oktyabrın 1-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib. Səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil olunan könüllü qanvermə aksiyasında iştirak ediblər. Aksiya zamanı 160 nəfər könüllü olaraq qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.
Şəki
Aşura günü ilə əlaqədar oktyabrın 1-də Şəki şəhərindəki “İmam Əli” məscidində təşkil edilən qanvermə aksiyasında 53 könüllü qan verib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilov məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır.
Regional bölmənin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada dindarlar, həmçinin şəhər sakinləri fəallıq göstəriblər.
Aksiya zamanı toplanan 20 litrədək qan laborator müayinədən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB