Demoktarik seçki mühitinin formalaşmasında mətbuatın rolu – LAYIHƏ

Demoktarik seçki mühitinin formalaşmasında mətbuatın rolu – LAYIHƏ

Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Parlament seçkilərinin gedişinin işıqlandırılmasında mətbuat imkanları necə qiymətləndirilir? Təbliğat-təşviqat işinin aparılmasında qəzetlər reklam imkanlarından yararlana biləcəklərmi? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.

Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:

- Bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də mətbuat çalışır ki, həm Mərkəzi Seçki Komissiyasının qərarlarını dərc etsin, həm də digər ayrı-ayrı namizədlərin təbliğatını qursun. Təbii ki, bu, müqavilə əsasında olmalıdır. Ona görə də, hesab edirəm ki, təkcə parlament seçkilərində yox, ümumiyyətlə, bütün seçkilərdə mətbuatın rolu artır. Bu rolun artması da aydın surətdə göstərir ki, mətbuat və qəzetlər təbliğat vasitəsidir. Bu baxımdan, qəzetlər parlament seçkilərindən yararlana biləcəklər. Bunun üçün isə redaksiyalar səmərəli surətdə işləməlidirlər. Hər bir redaksiya ayrı-ayrı namizədlərlə danışıqlar aparır və müqavilə bağlayaraq onların təbliğatını qurur. Fikrimcə, bu məsələdə artıq mərkəzləşdirilmiş şəkildə yox, ayrı-ayrı namizədlərlə mətbuat təbliğatlarını quracaqlar.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Parlament seçkiləri öncəsi ölkə mətbuatında böyük bir canlanma müşahidə olunur. Ümumiyyətlə, bütün seçkilər ərəfəsi medianın canlanma dövrü hesab olunur. Hesab edirəm ki, Azərbaycan mediasında parlament seçkilərinin işıqlandırılmasına kifayət qədər yer ayrılıbdır. Bildiyiniz kimi, oktyabr ayının 15-dən təbliğata start verilir. Yəni, bu təbliğata start veriləndən sonra həm qəzetlərin tirajlarının qalxması, həm də oxucu auditoriyasının genişlənməsi gözləniləndir. O baxımdan ki, artıq seçki prosesinə qatılan namizədlər bu dövrdə birbaşa öz təbliğatları ilə məşğul olur. Hesab edirəm ki, Azərbaycanda mətbuatın seçki praktikası mövcuddur, namizədlərin təbliğat aparması üçün seçim imkanları genişdir. Fikrimcə, elektron KİV-lər və televiziyalar qəzetlərə nisbətən daha çox böyük auditoriyaya malik olduqları üçün geniş təsir imkanları olduğuna görə, görüntülü və səsli mətbuat çap mətbuatını üstələyəcəkdir. Ancaq burada yazılı mətbuata da üz tutanlar olacaqdır.

Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə