Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, K.Yankauskası təyinatı münasibətilə təbrik edən Xidmət rəisi Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhatə etdiyi sahələrdən biri də miqrasiya proseslərinin tənzimlənməsidir. Xidmət rəisi xaricdə qanunsuz yaşayan vətəndaşların ölkəyə qayıtması prosesinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası ilə bağlı görülən işlərdən söhbət açıb. Məlumat verilib ki, Saziş çərçivəsində readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı həmin şəxslərə Xidmət tərəfindən mütəmadi olaraq hüquqi yardım göstərilir.
Xidmət rəisi Aİ-nin Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən və 2013-2015-ci illəri əhatə edən layihə çərçivəsində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsinin uğurla icra olunduğunu xatırladıb. Bildirib ki, Xidmət TAIEX yardım aləti çərçivəsində də bir sıra layihələr həyata keçirib. Hazırda “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”dən irəli gələn və 2016-cı ildən icrasına başlanan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsi ətrafında da müzakirələr aparılıb. Layihə çərçivəsində müxtəlif istiqamətlərdə iş aparıldığı qeyd edilib.
Xidmətin fəaliyyət istiqamətlərindən danışan F.Nəbiyev qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib. Onların hüquqlarının müdafiəsi və azadlıqları tam təmin edilir. Ölkəmizdə tolerantlığın yüksək səviyyəsinin miqrasiya proseslərinə təsir edən əsas amil olduğunu vurğulayan F.Nəbiyev ölkəmizdə bu günədək miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusunun qeydə alınmamasını təqdirəlayiq hal kimi önə çəkib. Bildirib ki, 2013-cü il avqustun 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəd kimi ilk dəfə Azərbaycanda qəbul edilməsi ilə bir yenilik olub.
Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən söhbət açan F.Nəbiyev bildirib ki, ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 6,2 milyard manat vəsait xərclənib. Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada davam etdirilir. Daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həllinə xüsusilə diqqət yetirilir. Bu məqsədlə 100-ə yaxın müasir qəsəbə salınıb.
K.Yankauskas Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib. O, qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə birgə maraqlara əsaslanan əlaqələrin təkcə enerji sahəsini deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi və sair sahələri də əhatə edəcəyini söyləyib. Qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB