"QHT və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" - SƏS TV YENİLƏNİB
Bakıda "Qeyri-Hökumət Təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri, icma rəhbərləri, QHT sədrləri və digərləri iştirak edir.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dünyada olan münaqişələrin əksəriyyəti İslam ölkələrində baş verir. İslam ölkələrinin dünyada rolunun artdığını deyən komitə sədri söyləyib ki, münaqişə ocaqlarının genişlənməsi dünyada sülh və əmin-amanlığıa təhlükə yaradır: "İstənilən münaqişənin böyüməsi, müharibəyə gətirib çıxara bilər. İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinə dəstək verir. İƏT Dağlıq Qarabağ məsələsində bizə dəstək verir".
Myanmada baş verənlərdə İslam ölkələrinin həmrəylik nümayiş etdirdiyini deyən M.Qurbanlı söyləyib ki, Azərbaycanın, Türkiyənin, İranın bu məsələyə nə qədər diqqətlə yanaşdığını və yardımlar etdiyini gördük. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" olduğunu xatırladan komitə sədri bu il çərçivəsində ölkəmizdə İslam Həmrəyliyi ilə bağlı bir çox tədbirlərinin həyata keçirildiyini dilə gətirib: "Biz düşünürük ki, bu cür tədbirlər dünyada İslam ölkələrinin daha da həmrəylik göstərməsinə təkan verəcək".
Tədbirin aktual olduğunu deyən QHT-lərə Dövət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Şura arasında anlaşma sənədi imzalanıb: "Bugünkü tədbir həmin anlaşmanın davamıdır. Bildiyiniz kimi bu il ölkəmizdə "İslam Həmrəylik İli"dir. Cari ildə Azərbaycanda IV İslam Həmrəylik Oyunlarının keçirilməsi, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığını sözdə deyil, əməldə də sübut etmiş oldu".
A.Quliyev söyləyib ki, Azərbaycanda çoxlu sayda dini abidələr, məbədlər istifadə verilməklə yanaşı, əsaslı təmir edilir: "Bu gün Azərbaycanda tolerantlığın təntənəsinin şahidi oluruq. Bu, çox önəmlidir. Dini lider və icma rəhbərlərinin nümayəndələri ictimaiyyətə təsir imkanlarına malikdirlər. Bu baxımdan cəmiyyətin aparıcı qüvvələrin bir araya gələrək bu cür tədbirlərin keçirilməsi çox önəmlidir".
Şura sədri söyləyib ki, bu gün Azərbaycanda təhlükəsizliyimizin qırılmasına, bölücük missiyasını həyata keçirməyə yönələn cəhdlər var: "Biz bu məsələdə QHT-lərin fəaliyyətindən istifadə etməklə bunun qarşısını ala bilərik. Dini radikalizm ictimaiyyət üçün təhdid yaradır. Bir neçə gün bundan öncə açıqlanan statistikaya əsasən söyləndi ki, 900 azərbaycanlı İŞİD-ə qoşulub. 900 gəncin ailəsi və ətrafı artıq həssas təbəqə hesab olunur. Biz onların ətrafında olanları diqqətdə saxlamalıyıq. Bu məsələdə dini icma nümayəndələri QHT-lərlə birgə işləməlidir. Həssas qruplarla çalışıb, bunun səbəbləri tapılmalıdır".
Tədbirin davamında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini Salman Musayev söyləyib ki, müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meyllləri yaratmağa cəhd etdilər: "O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi. QMİ olaraq, bu məsələnin hansı təhlükəli həddə çatdığını bildirmişdik. Təəssüf ki, son nəticələr də göz qarşısındadır".
S.Musayev deyib ki, biz hər bir sahədə müsəlman olaraq, birləşməliyik. Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik: "Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün bu tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək".
Konfransda çıxış edən deputat Qüdrət Həsənquliyev qızların təhsaildən yayınması məsələsinə toxunub: "Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar. Bu problemə qarşı mübarizə aparılmalıdır. Bu mövzuda din xadimlərindən açıqlama gözləyirəm”.
Konfransda millət vəkilləri Musa Qasımlı, Çingiz Qənizadə, Milli QHT Forumunun sədri rauf Zeyni və digərləri çıxış edib.
Konfrans müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB