Quran kursları qanuni şəkildə həyata keçirilir

Quran kursları qanuni şəkildə həyata keçirilir

"Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Əvvəllər bu, məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni şəkildə həyata keçirilir". SİA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini Salman Musayev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkfaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meyllləri yaratmağa cəhd etdilər: "O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi. QMİ olaraq, bu məsələnin hansı təhlükəli həddə çatdığını bildirmişdik. Təəssüf ki, son nəticələr də göz qarşısındadır".

S.Musayev deyib ki, biz hər bir sahədə müsəlman olaraq, birləşməliyik. Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik: "Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün bu tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə