Azay Quliyev: "Xristian missionerləri Azərbaycanda çox fəallaşıblar"

Azay Quliyev: "Xristian missionerləri Azərbaycanda çox fəallaşıblar"

"İnsanların kifayət qədər dini savadı olsa, xürafata meyl də olmaz. Amma etiraf edək ki, bu gün bizim dini savadı olan insanlarımızın sayı çox deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkfaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanların maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə açıq müzakirələr keçirməlidir: "Bəzi mollalar məclisləri aparanda çox yanlış məlumatlar verirlər. Belə halların aradan qaldırılmasında QHT-lər xüsusi rol oynaya bilər. Açıq müzakirələrdə insanlar da iştirak edə bilərlər. Digər məsələ sosial şəbəkələrdə dini məsələlərlə bağlı təhlükəli məlumatların yayılması üçün effektiv tədbirlərin görülməməsidir. Bəzi saytlar yanlış məlumat yayırlar, hətta terroru belə təbliğ edirlər. Bununla mübarizə işini yalnız hüquq-mühafisə orqanlarının üzərinə qoymalı deyilik".

O qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: "Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib qadağan edirlər. Beləliklə, Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə