Baş prokuror Siyəzəndə vətəndaşları qəbul edib

Baş prokuror Siyəzəndə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov sentyabrın 27-də Siyəzən Rayon Prokurorluğunun inzibati binasında Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 17 vətəndaş qəbul edilib. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb.

Qəbulda, həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə