Uşaq evinə başçəkmə həyata keçirilib

Uşaq evinə başçəkmə həyata keçirilib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Lənkəran Şəhər İcra Hakimiyyətinin O. Mirzəyev adına qarışıq tipli uşaq evində əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti ilə bağlı müəssisənin yataq, dərs və asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxana və mətbəxinə, ərzaq anbarına, ümumi əraziyə baxış keçirilib, uşaq hüquqlarının təmini baxımından həyata keçirilmiş işlər araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, psixoloq, müəllimlər, tibb işçiləri ilə söhbətlər aparılıb və mövcud vəziyyət və sənədləşmə öyrənilib.

Müvafiq avadanlıqlarla təchiz edilmiş müəssisənin saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilib.

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. Uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə