"Biz hesab edirik ki, müvafiq qurumlar televiziyalar üzərində ciddi nəzarət mexanizmi yaratmalıdırlar"
"Jurnalistlər Sülh Ugrunda" İctimai Birliyi Mətbuat Şurasına və Milli Teleradio Şurasına müraciət ünvanlayacaq. Bu barədə qurumun rəhbəri Mətləb Salahov SİA-ya verdiyi açıqlama verib. Qurum rəhbərinin sözlərinə görə, con vaxtlar ölkənin əksər televiziyalarında yayımlanan bir sıra şou-biznes və maqazin proqramlarında xalqımızın milli-mənəvi dəyərlərinin göz görə-görə ayaqlar altına atılması adi hal alıb və bu proses efir etikası baxımından təhlükəli həddə çatıb. Onun fikrincə əksər aparıcıların savadsız, məişət səviyyəsində olan danışıq və fikirləri, efirləri zəbt edən məsuliyyətsiz reklam çarxlarının cəmiyyətdə əsəb gərginliyi yaratması və gələcək nəsillərin tərbiyəsinin kütləvi şəkildə pozulmasına yönələn açıq-saçıq hərəkətlər insanlarda qəzəb yaradıb:
"Bəzi televiziya kanalları gerizəkalılıq aşılayan, məntiqsiz və məsuliyyətsiz reklam çarxları ilə insanları mənəvi erroziyaya məruz qoyur, ən əsası isə onların hüquqlarını ayaq altına atırlar. Xüsusilə iqtisadi sahədə olan reklam çarxları lap anormal hal alıb. Hətta elə keyfiyyətsiz və zay məhsullar reklam olunur ki, sonradan onlar mağazalardan yıgışdırılır və onların insan saglamlığı üçün ölümcül dərəcədə təhlükəli olmaları müvafiq qurumlar tərəfindən təsdiqlənir. Buna görə isə hec bir telekanal məsuliyyət daşımır. Bu müasir informasiya sistemində qəbulolunmaz haldır. Bu azmış kimi bir sıra verilişlərə dəvət olunan insanların jurnalistika savadı olmayan aparıcılar tərəfindən açıq şəkildə təhqir olunmaları, mənəvi dəyərləri sual altında olan insanların televiziya efirindən milyonlarla insana mənəviyyat dərsi keçməsi cəmiyyətin gələcəyi baxımından nə qədər təhlükəlidirsə, milli jurnalistikamızın da inkişafına, dünya informasiya texnologiyalarına inteqrasiyasına o dərəcədə böyük maneə yaradır. Biz hesab edirik ki, müvafiq qurumlar televiziyalar üzərində ciddi nəzarət mexanizmi yaratmalıdırlar. Çünki bu cür efir xaosu uzun zaman davam edə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB