Məscid əleydarları indi də Moskvada ayağa qalxıb

İki milyon müsəlman üçün cəmi 4 məscid

Avropada ilk olaraq İsveçrədəki minarə qarşıdurması ilə başlayan məscid müzakirəsi Şərqi Avropada gərginliyi ilə davam edir. SİA-nın məlumatına görə, müzakirələrin son cəphəsi iki milyon müsəlman üçün yalnız dörd məscidin olduğu Rusiyanın paytaxtı Moskva şəhəridir. Moskvadakı müsəlmanlar müqəddəs ramazan ayının bitməsini qarşılayarkən Rusiya mətbuatı şəhərdəki Böyük Məscidin qarşısında namaz qılan müsəlmanların fotoşəkillərini yayımlayıb. Bir qəzet hətta bu fotoşəkillərin moskvalılara bir "müsəlman şəhərində" yaşadıqlarını göstərdiyini yazıb. Əsıində isə müsəlmanlar 10 milyon 500 min insanın yaşadığı şəhər əhalininin yalnız 20 faizini təşkil edir. Digər tərəfdən fotoşəkillər Moskvanın bir gerçəyini də göz önünə gətirdi. Təxminən iki milyon müsəlmanın yaşadığı şəhərdə yalnız dörd məscid var. Buna görə də şəhərin şimal-qərbində Tekstilsiki məhəlləsində üç min müsəlman bir məscid tikməyi planlaşdırır. Məscidin inşasına noyabr ayında başlanması nəzərdə tutulsa da şəhər rəhbərliyinin və şəhər əhalisinin bu məsələyə müsbət baxmaması planın icrasına əngəl ola bilər. Məscidin inşasına qarşı olan çoxlu sayda adam, şəhər rəhbərliyinə layihənin ləğv edilməsi üçün ərizə ilə müraciət edib. Rusiya Müftilər Şurasının həmsədri Nafiqulla Aşirov məscidin tikintisinə göstərilən bu reaksiyadan təəssüf keçirdiyini bildirib: "Moskvada xristianlar üçün 900 kilsə var. Buna qarşılıq iki milyon müsəlman üçün dörd məscid var. Əgər bu şəhərin səlahiyyətliləri və xristian vətəndaşları ağıllı olsalar dörd məscidin iki milyon əhali üçün kifayət etmədiyini anlayarlar".

"Məscidin tikintisi itlərin gəzintisinə mane olacaq"

Məscidin tikiləcəyi məhəllənin sakinləri isə park probleminin yaranacağı və məscid ətrafında itlərinin gəzintisinə icazə verilməməsi ehtimalına görə, layihənin icra edilməsinə qarşı çıxır. Məscidin tikintisindən narazı olanlar məscidin tikilməsi üçün nəzərdə tutulan ərazinin əslində park üçün ayrılan yerlə üst-üstə düşdüyünü iddia edirlər. İnsanların bəzilərinin fikirləri isə çeçenlərə, ümumiyyətlə Qafqaz əhalisinə olan münasibətdən qaynaqlanır. 11 Sentyabr günü məscidin tikilməsi üçün nəzərdə tutulan Volski Bulvarında yüzlərlə adam etiraz aksiyası keçirib. Oraya Moskvanın müsəlman birliyi nümayəndələrinin də gəlişi ilə tərəflər arasında qarşıdurma yaranıb.

"İnsanlar daha çox azərbaycanlı, tacik və çeçenin gəlməsini istəmədikləri üçün məscidlərə qarşı gəlir"

Rusiya Ortodoks Kilsəsi məscid inşasına qarşı çıxanları açıq şəkildə dəstəkləməyib. Moskva Patriarxlığından "İnterfaks" xəbər agenliyinə danışan səlahiyyətlilərdən biri kilsənin məscidə qarşı olmadığını ifadə edib və şəhər səlahiyyətlilərinin məscidin tikintisinə icazə verməməsini tənqid edib. Qeyd edək ki, Rusiya Müftilər Şurası 2008-ci ildə yeni məscid üçün şəhər rəhbərliyinə müraciət edib və inşaat üçün Moskvanın cənub-qərbindəki sənaye məhəlləsi Tekstilsiki təyin olunub. Moskvadakı radikal davranışlara nəzarət edən SOVA Mərkəzinin rəhbəri Aleksandr Verkovski məscidin inşasına qarşı çıxılmasının səbəbini son illərdə Moskvaya slavyan mənşəli olmayan insanların köç etməsi ilə başlayan xarici əleyhdarlıqla bağlı oluğunu söyləyib: "İnsanlar daha çox azərbaycanlı, tacik və çeçenin gəlməsini istəmədikləri üçün məscidlərə qarşı gəlir".

Düşmənçilik artırmı?

Bəzi ortodoks xristianlar Qafqaz və Orta Asiya kimi müsəlman əhaliyə sahib olan bölgələrdən gələn yoxsul immiqratların Rusiyanın etnik və dini quruluşunu dəyişdirdiyini iddia edir. Rusiyada yaşayan müsəlmanlar isə kilsənin getdikcə dövlət ilə yaxınlaşmasından narahatdır. Keçən il Rusiyanın Asiya bölgəsi üzrə müftisi Fateh Qarifullin Ortodoks Kilsəsinə müsəlmanların namaz qılacaq yer tapa bilmədiyini əsas gətirərək ibadət etmək üçün yer istəmişdi. O, bununla kilsə ilə müsəlmanlar arasındakı əlaqələrin güclənəcəyini bildirmişdi. F.Qarifullin bu istəyini və açıqlamasını isə ortodoks qrupları sülh təklifi deyil, təhdidedici bir yanaşma kimi qiymətləndirmişdi. Müsəlman liderlər onların ibadət yerlərinin açma cəhdlərinin davamlı olaraq maneələrlə qarşılaşdığını deyir. Rusiya Müftilər Şurasının həmsədri N.Aşirov Moskvada 20 ildən bu yana yeni bir məscid tikmək cəhdlərinin müvəffəqiyyətsizliyə uğradığını dilə gətirib: "Ancaq digər strukturlarla bağlı məsələ ortaya çıxanda Moskvada bir problem yaranmır. Təbii qaz paylama mərkəzi, restoran və ya gecə klubu üçün bir yer istəsəniz, hər hansı bir problemlə qarşılaşmırsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...