Moldovada yaşayan azərbaycanlılar xalqımızı layiqincə təmsil edirlər FOTOLAR

Moldovada yaşayan azərbaycanlılar xalqımızı layiqincə təmsil edirlər FOTOLAR

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibin səadətdir hər zaman.

Nizami Gəncəvi

Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir çox sahələrdə olduğu kimi diaspor sahəsində də mühüm işlər görülüb. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən daha müasir formada, yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycan diaspor üzvləri artıq kortəbii yığıncaqlar, tədbirlər keçirmirlər. Azərbaycan diasporu artıq dünyanın bir çox aparıcı ölkələrində öz sözünü deyə bilir. Moldovada fəaliyyət göstərən Azərbaycan diasporu da, təqdirəlayiq iş görən təşkilatlarımızdandır. Moldova Azərbaycanlıları Konqresi haqqında məlumat toplamaq məqsədi ilə Kişinyov şəhərində yaşayan bir neçə sadə həmvətənlimizlə görüşüb söhbətləşdik.

Müsahibim Həsən müəllim diaspor fəalı kimi danışmasa da, diasporda çox aktiv fəaliyyəti olan bir veteran kimi, bu barədə bizə yetərincə məlumat verdi: "Mən bu gün yaşımla əlaqədar diaspor fəaliyyəti ilə geniş məşğul ola bilmirəm. Yaşlandığım üçün əllərimi də yanıma salıb bekar dayanmıram. Sosial şəbəkələrdə Moldova Azərbaycanlıları Konqresinin işini izləyirəm, bəzi məqamlarda onlara dəstək də oluram. Belə ki, hər hansı bir məqalənin paylaşım edilməsi və s. bu kimi işlərdə, bir ziyalı kimi həmişə diasporumuza yardım edirəm. Bilirsiniz ki, bu gün qılınc deyil, əsasən informasiya müharibəsi gedir. Kim ilk əvvəl informasiyanı yayırsa o da təxmini qalib sayılır. Çünki bu gün dünyanın özündə ədalətsizlik baş alıb gedir. Bizim Kişinyov diasporumuz və onun rəhbəri Vüqar Novruzov haqqında sizə nə qədər istəsəniz məlumat verə bilərəm. Ona görə ki, bu insanın gördüyü işlər o qədər çoxdur ki, onların bəzilərini, müəyyən hissəsini saysaq kifayətdir. Bilirsiniz ki, ən yaxşı təbliğat növlərindən biri də mədəniyyət, incəsənət və idmandır. Yəni Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyirsənsə bu üç üsuldan da məharətlə istifadə etmək lazımdır. Məsələn, bu yaxınlarda bizlərin çoxlarının uzun illər edə bilmədiyini “Qarabağ” futbol klubu etdi. Bütün dünya məcburən Azərbaycanın Qarabağ futbol klubu sözünü dilə gətirdi və bu komandanı öz gözlərilə gördülər. Bizim diaspor rəhbərimiz Vüqar Novruzov da belə təbliğat növlərindən çox ustalıqla istifadə edir. Vüqar müəllim çox savadlı bir hüquqşünasdır. O, bir neçə dil bilir, o cümlədən Moldova və Rumin dilində sərbəst danışır. Bu gün Moldova dövlətinin ən ali orqanlarında hörməti olan bir liderdir. Onun bir çox tələbə yoldaşları və dostları Moldova dövlətinin ən yüksək postlarına rəhbərlik edirlər. Əlbəttə ki, Vüqar müəllim şəxsi əlaqələrindən də istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırılması sahəsində mühüm işlər görür. Bu gün mənim əlimdə olan bir neçə məqaləni sizə verəcəyəm ki, Moldova Azərbaycanlıları Konqresinin gördüyü işlərlə siz də yaxından tanış ola biləsiniz. Təkcə Nizami Gəncəvinin "Aforizmlər" kitabını dörd dildə tərcümə etdirərək, oxucuların istifadəsinə verməyin özü böyük bir təbliğatdır. Bundan əlavə Moldova milli, xalq mahnılarından ibarət “Doyna“ janrı olan kitabın çapını da Vüqar müəllim öz şəxsi vəsaiti ilə çap etdirərək, bütövlükdə azərbaycan ictimaiyyəti barəsində yaxşı imic yarada bilmişdir. Daha sonra Konqresimiz Elçin Əfəndiyevin, Çingiz Abdullayevin və Ömər Xəyyamın kitablarını tərcümə etdirərək yerli oxucuların öhdəsinə verməklə Azərbaycan xalqının yazarlarını da qardaş Moldova xalqının oxucularının nəzərinə çatdıra bilib. Bununla yanaşı Moldova Azərbaycanlıları Konqresi “ Moldova Şəxsiyyətləri Ensiklopediyası” adlı kitabı da çapını öz üzərinə götürüb. Sözügedən kitabda Moldova tarixində rəhbər vəzifələrində işləmiş prezidentlər, deputat və nazirlər haqqında geniş məlumat verilib. Bu işdə də Azərbaycan Konqresi öz adını yazdıra bilib. Əlbəttə ki, bütün bu xeyriyyəçilik işləri dolayısıyla Azərbaycanın təbliğatına xidmət edir. Ən nəhayət Moldova Azərbaycanlıları Konqresi Moldova və Rumıniyada xüsusi çəkisi olan, dünyanın bir çox dövlətlərində sevilən, dünya şöhrətli ulduz, Moldova Respublikasının Xalq artisti “Ney” ifaçısı Konstantin Moskoviçin ifasında “Sarı Gəlin” başda olmaqla, bir sıra xalq və bəstəkar mahnılarının diskə yazılmasını təşkil edib. Bilirsinizmi, Moskoviçi Avropada çox adam tanıyır və sevirlər. Məhz onun ifasında Azərbaycan xalq mahnılarını səsləndirmək çox gözəl və ustalıqla edilən təbliğatdır. Gördüyünüz kimi Moldovadakı Azərbaycan diasporası haqqında bildiyim bəzi fikirləri sizinlə bölüşə bildik. Başqa nə maraqlandırarsa Kişinyovdakı Azərbaycan Konqresinə gedib, Vüqar müəllimlə görüşərək, əldə edə bilərsiniz”.

Əlbəttə ki, Həsən müəllimin faktlarla verdiyi geniş izahatdan sonra Vüqar müəllimlə görüşə ehtiyac qalmadı. Necə deyərlər, "Görünən dağa nə bələdçi?". Biz Moldova Azərbaycanlıları Konqresinin sədri ilə müsahibəni növbəti dəfəki səfərimizə saxladıq.

Əlmaniz Ələkbərli.

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü,

Şərqi Avropa ölkələri bürosu- Moldova

Bütün xəbərlər Facebook səhifəmizdə