Kiyevdə AAK-ın yüksək səviyyədə toplantısı keçirilib FOTOLAR

Kiyevdə AAK-ın yüksək səviyyədə toplantısı keçirilib FOTOLAR

Bu günlərdə Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbəti toplantısı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilib. Tədbir milli birliyimizə, diaspor təşkilatlarımızın bir olması yönümündə xüsusi rol oynayırdı. Tədbirdə Ukrayna respublikası ərazisində diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlardan nümayəndələr də var idi. Xüsusən də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları Avropa Azərbaycanlıları Konqresinin toplantısında daha fəal idilər. Bundan əlavə, yerli media və Ali Rada üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov da iştirak edirdi.

Tədbir iştirakçıları Azərbaycanın Ukraynadakı səfirliyi ərazisində, Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış möhtəşəm abidə önünə tər çiçəklər qoyaraq, öz etiramlarını bildiriblər.

Daha sonra Ali Radada parlament üzvləri ilə görüşən diaspor fəalları “President” otelin brifinq zalında tədbirin rəsmi hissəsini davam etdiriblər. Tədbiri giriş sözü ilə BUAK sədri Rövşən Tağıyev açaraq AAK sədrini və üzvlərini salamlayıb, onları Kiyev şəhərində görməkdən məmnun olduğunu söyləyib. Sonra sözü AAK sədri Sahil Qasımova verib. S.Qasımov gündəlikdə duran məsələləri elan etdikdən sonra gərgin müzakirələr başlayıb.

BUAK sədri Rövşən Tağıyev Azərbaycan konqresinin yaradılması və onun mahiyyəti barədə geniş danışıb: "Bilirsiniz ki, ilk dəfə 1999-cu ildə Konqres məhz Ukraynada yarandı. Həmin dövrdə DİDK sədri Nazim İbrahimov Azərbaycanın Ukraynada səfiri idi. Ümummilli Liderimiz Heydər Əliyev özü şəxsən Ukraynada oldu və burada yaşayan azərbaycanlılarla görüşdü. Müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatların birləşməsini yüksək qiymətləndirən Ulu Öndər sonradan bir çox yerlərdə Ukrayna Azərbaycanlılarını misal çəkərək: "Onlar birləşdilər və güclərini daha da artırdılar, siz niyə bunu etmirsiniz?", - dedi. Gördüyünüz kimi bu gün AAK və BUAK üzvləri, fəalları yenidən Kiyev şəhərinə yığışmışıq. Bizim buraya yığışmaqda bir çox məqsədimiz var, onlardan biri də dünyada gedən bəzi proseslərə münasibət bildirməkdir. Belə ki, Azərbaycanın apardığı müstəqil siyasət, onun sürətlə inkişafı bir çox güclərin qısqanclığına səbəb olub. Odur ki, bu gün müxtəlif vasitələrlə, media, parlament və s. səviyyədə Azərbaycana qarşı qarayaxmalar, şər-böhtan və digər çirkin kampaniyalar aparılır. Burada müzakirələrimiz zamanı, məlum oldu ki, hər bir diaspor rəhbəri özünün yaşadığı dövlətdə aparılan bu çirkin kompaniyalara qarşı etiraz edib. Avropada və dünyada erməni və digər ünsürlərin apardığı çirkin kampaniyaların bir məqsədi var, Azərbaycanın imicinə ləkə vurmaq. Sizi inandırıram ki, onların bu apardığı kampaniyaya qarşı bizim gücümüz də var və biz onların cavablarını tutarlı faktlarla veririrk. Biz ümumilikdə də, toplantı adından bu çirkin kampaniyalara qarşı etiraz səsimizi bütün dünyaya çatdıracağıq. Azərbaycan dövləti və Prezident İlham Əliyevin apardığı müstəqil siyasəti həmişə dəstəkləyirik və hər bir anda dövlətimizin, prezidentimizin yanındayıq. İstəyirəm bildirim ki, Azərbaycan Prezidentinin dünyanın hər bir yerində yaşayan, xüsusən də Ukraynada böyük bir tərəfdar ordusu var. Biz hər bir zaman cənab Prezidentin yanındayıq".

Tədbirdə DİDK sədri Nazim İbrahimov da geniş məruzə ilə çıxış edib: "Mən bu tədbirdə iştirak edən bütün diaspora rəhbərlərinə, təşkilatçılar adından və öz adımdan təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul edib bura gəlmisiniz. Yadıma illər öncə, Ukraynada yaşadığım illər, diaspora fəaliyyəti ilə məşğul olduğum vaxtlar düşdü. Burada əyləşənlərin çoxu, Qurban, Qüdrət, Mehriban xanım, Rövşən müəllim və digərləri ilə birgə işləmişik, diaspora fəaliyyətimizin təməlini birgə qoymuşduq. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və tövsiyyəsi əsasında biz əl-ələ verib Ukrayna Azərbaycanlıları Konqresini yaratdıq. Həmin konqresin modeli olaraq dünyada bir çox yerlərdə konqreslər yaradılmağa başlandı. Ümummilli liderimiz təşəbbüsü ilə yaradılan konqres daha sonra Rusiya, Almaniya və s. ölkələrdə yaradılmağa başlandı. Sonra Avropa Azərbaycanlıları Konqresi yaradıldı ki, bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Bildiyimiz kimi bu ilin əvvəlində AAK öz qurultayını keçirdi və Sahil Qasımov yeni sədr seçildi. Ondan əvvəllər də rəhbər işləmiş diaspora rəhbərlərimizin də xidmətləri təqdirəlayiqdir. AAK hər iki ildən bir seçki ilə yeni sədir seçir. Bilirsinizmi əgər diaspora rəhbəri işləmirsə, burada dövlət orqanları nə qədər kömək etsə də nəticə zəif olacaqdır. Şükürlər olsun ki, AAK sədri Sahil Qasımov çox aktiv fəaliyyət göstərir, demək olar ki, onun rəhbərliyə başlamasından bu günədək təşkilatın həyatında xüsusi bir dönüş yaranıb. AAK tərkibində olan təşkilatlar da çalışmalıdır ki, toplantıları hər il bir dövlətdə keçirsinlər. Bu günkü toplantıya görə BUAK sədri, AAK vitse-prezidenti Rövşən Tağıyev bir çox məsələləri, xüsusəndə təşkilati məsələləri öz üzərinə götürüb. O, Ukraynanın dövlət orqanları ilə, səfirliklə bir çox işləri həll etmiş və bu gün tədbirimizdə gördüyünüz kimi Ukrayna Ali Radasından parlament üzvləri də yaxından iştirak edirlər. Bu doğrudan da təqdirəlayiq bir hadisədir. Mənə elə gəlir ki, tədbirə yerli diaspora fəallarından da dəvət etmək olardı. Çünki digər millətlərin diaspora fəalları da gəlib görərdilər ki, azərbaycanlılar Avropada necə təşkilatlanıblar. Bu günkü tədbirlə bağlı bəzi diaspora rəhbərləri tədbirə dəvət almadıqları üçün artıq müsahibələr verərək, öz gileylərini bildiriblər, hansı ki, bu tədbir AAK icraiyyə komitəsinin toplantısıdır, yəni bura hamını dəvət etmək mümkün də deyildir. Mənə elə gəlir ki, gələcəkdə toplantı öncəsi medianı ciddi nəzərə almalı və təbliğatla məşğul olunmalıdır ki, belə əks yazılar, tək-tək olsada belə, bu tipli müsahibələr olmasın. Avropadakı diasporumuz gələcəyin inkişaf edə biləcəyi təşkilatlarındandır. AAK özünün harmonik qanunları ilə tənzimlənib və inkişaf edib. Özünün durğunluq dövrünün yaşadığı dövrlər də olub, inkişaf etdiyi vaxtlarda. Bizim diasporumuzun fəaliyyət tarixi, zamanı, elə də çox deyildir, əlbəttə ki, söhbət aktiv diaspora fəaliyyətindən gedir. Burada, AAK işində də müxtəlif çətinliklər ortaya çıxır. Məsələn, AAK üzvlərinin ideoloji baxışı, böyüyüb boya-başa çatdıqları ölkələrin bir çox formal sistemlərinin fərqliliyi özünü hər addımda göstərir. Belə ki, Cənubi Azərbaycandan olan soydaşlarımızla, bizim yaşadığımız Azərbaycandan olan həmyerlilərimizin düşüncə sistemi tamamilə fərqlidir. Başqa diaspor üzvlərini birləşdirən dini birlik var ki, Azərbaycan diaspor üzvlərində bu da yoxdur. Bildiyiniz kimi, müxtəlif təriqətlər, cərəyanlar var ki, bu da ümumi dini birliyimizə də mane olur. Təəssüflər olsun ki, bir çox dini cərəyanlar var ki, bu Azərbaycan diasporunun irəli getməsinə mane olur.

Bəzən üzdəniraq qonşularımızın diaspora fəaliyyətini daha da qabardırıq. Ancaq bu məsələyə diqqət yetirərkən, görürsən ki, bizim də müəyyən məsələləri gözdən qaçırdığımız olub. Məsələn, bəzi hallarda Azərbaycan əleyhinə gedən hər hansı bir təxribat xarakterli təbliğatı araşdırarkən görürük ki, burada heç erməni əli də yoxdur. Bu sırf xristian birliyindən irəli gələn bir məsələdir. Ancaq biz dünyanın ən nəhəng dövlətlərindəki xristian institutları ilə işləsəydik, onlara əsil Azərbaycan həqiqətlərini doğru-düzgün çatdırsaydıq, əks təbliğat da zəif olardı. Yəni burada biz də passivlik etmişik. Buna baxmayaraq, qarşı tərəf nə qədər çox və güclü olursa olsun, biz mübarizə aparmalıyıq və hökmən qalib olmalıyıq. Çünki həyat mübarizədir, bilirsinizmi əgər idman yarışlarında qarşındakı olimpiya çempionudur deyib ona təslim olmağa hazırsansa, onda sən heç vaxt çempion ola bilməyəcəksən. Hesab edirəm ki, mübarizlik, özünə inam hökmən qələbəyə aparacqdır. Bu gün müasir dünyada mübarizə üsulları da dəyişibdir, artıq informasiya mübarizəsi əsridir. Bu gün dünya, artıq yalanlardan bezib, odur ki, biz sosial şəbəkələrdən istifadə edərək bir çox həqiqətləri dünyaya daha tez çatdıra bilərik. Bir də bilirsinizmi, daha çox ağlamaq, sızlamaqla bəzən vətənpərvərlik hissini öldürə bilərik. Hadisə, faciələr baş verib, buna görə ağlamaq yox, mübarizə aparmaq üçün vətənpərvərlik hissini yüksəltmək, mübarizliyimizi artırmaq lazımdır. Baxın bu yaxınlarda "Qarabağ" futbol komandası uzun illər bizlərin edə bilməyəcəyi təbliğatı etdi. Burada mübarizlik, özünə inam vardır. Diaspora işində güclü olmaq üçün bəzi amilləri də nəzərə almalıyıq, yerli-yersiz, insanları, fəallarımızı günahlandırmaq da olmaz. Məsələn, bizim diaspora üzvlərimizin çoxu yenicə Avropa ölkələrinə köç ediblər. Onlar ilk növbədə yerləşməli, kökləşməlidirlər, öz maddi təminatlarını təmin etməlidirlər və yalnız ondan sonra yaşadıqları ölkələrdə siyasi fəaliyyətə də başlaya bilərlər. Çoxları düşünür ki, hələ tam yerini bərkitməmiş, hər hansı bir siyasi səhvə görə yaşadıqları ölkədən çıxarıla da bilərlər. Odur ki, hər bir halda Azərbaycan diaspora təşkilatlarının xidmətləri yüksək qiymətləndirilir. Bizim diaspora təşkilatlarımız dünyanın ən inkişaf etmiş diaspora təşkilatlarındandır. Ən vətənpərvər insanlar da bizim diasporumuzun üzvləridir. Baxın bu gün Fransada üçüncü nəsil kökləşmiş ermənin fəaliyyəti ilə bizim diaspor üzvlərinin fəaliyyətini müqayisə etmək düzgün deyildir. Eyni dini paylaşdıqları üçün auditoriyaları da bizimkindən daha çoxdur. Onlar bütün vasitələrlə çalışırlar ki, bizim sivil dövlətimizi yaxın şərqdəki terrorla məşğul olan müsəlmanlarla bir tutsunlar. Bəzən hər hansı bir fərdi emossianallığımız bizim təbliğatımızın əksinə işləyir. Onlar bütün dünyaya göstərirlər ki, baxın siz deyirsiniz ki, Qarabağ erməniləri geri qayıdıb azərbaycanlılarla birgə yaşaya bilər, biz buna inanmırıq, əminik ki, ora qayıtsaq azərbaycanlılar bizi öldürəcəklər. Hesab edirəm ki, bax bu yönümdə, Azərbaycan vətəndaşının necə biri olduğunu təbliğ etməliyik. Onların artıq, vətəndaşlıq və yaxud da bu kimi problemləri yoxdur, müəyyən fondlara yığılmış böyük miqdarda pulları xərcləməyə nə varki? Əsas odur ki, bizim həmvətənlilərimiz kimi yoxdan nəsə edəsən və onların qarşısında kişi kimi dayanasan.

Mənə elə gəlir ki, mübarizə üsullarına müəyyən bir yeniliklər gətirməliyik. AAK sədri Sahil müəllim də yenilikləri sevən adamdır, AAK vitse-prezidenti Füzuli Məmmədov da bütün məsələlərdə həmişə yaxından iştirak edib, qurultayın keçirilməsində də onun böyük əməyi, dəstəyi olub.

Bu gün dünyanın bir çox ölkələrində, inkişaf etmiş, sivil, balanslaşdırılmış siyasət aparan Azərbaycana qarşı çirkin kampaniyalar aparılır. Onlar müxtəlif ictimai təşkilatları, bəzi Avropa siyasətçilərini belə ləkələyirlər ki, Azərbaycanla əlaqələrini tam kəssinlər. İstəyirlər ki, hədə-qorxu, şər atmaqla, çirkin kompaniya aparmaqla dünya ictimaiyyətini Azərbaycandan uzaqlaşdırsınlar. Onlara Azərbaycanın müstəqil siyasət aparması xeyir etmədiyi üçün bu yollara əl atırlar. Bilirsinizmi qəribə burasındadır ki, onların davası iqtidar, hakimiyyət davası deyildir. Onlar Azərbaycanla dava edirlər. İstədikləri də odur ki, Azərbaycan hakimiyyətini zəiflətsinlər və öz istəklərinə nail olsunlar. Vaxtilə Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi ucbatından Ermənistan xeyli torpaqlarımızı işğal etdilər. Bu gün də onun üstündə işləyirlər ki, Azərbaycan hakimiyyətini zəiflətsinlər və öz məkirli niyyətlərini həyata keçirsinlər. Bu kampaniyanı başladan dövlətlərin özlərindəki vəziyyətə nəzər salanda o qədər problem görmək olur ki, saymaqla bitməz. Xatırlayırsınızsa Gürcüstanda bir az boşluq olan kimi, torpaqlarının müəyyən hissəsini itirdilər. Buna görə də, bu gün biz hamılıqla çalışmalıyıq ki, Azərbaycanımızı qoruyaq. Azərbaycan dövlətini, Ümummilli liderimizin bizə miras qoyduğu müasir Azərbaycanı qorumaq üçün, Prezident İlham Əliyevə dəstək olmalıyıq. Azərbaycanda gedən prosesləri, reallığı, inkişafı Avropa və digər ölkələrdə olduğu kimi çatdırmalıyıq".

Tədbirin sonunda Avropa Azərbaycanlıları Konqresinin toplantısının iştirakçıları adından Azərbaycana qarşı təxribat xarakterli kampaniyalara etiraz bəyanatı qəbul olundu. Daha sonra isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

Əlmaniz Ələkbərli,

SİA-nın Şərqi Avropa və Ukrayna bürosunun rəhbəri,Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə