Azərbaycan ilə Fransa arasında elm sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Fransanın Kimya Tədqiqatları Fondunun prezidenti, Əməkdar elm xadimi Bernar Menyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AMEA-dan SİA-ya verilən xəbərə görə, Azərbaycan alimlərinin Fransanın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən söhbət açan AMEA rəhbəri neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əlaqələrin güclənməsində Fransanın Azərbaycandakı səfirliyinin rolunu vurğulayan akademik gələcəkdə də AMEA-nın Fransanın müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib. Akademik Akif Əlizadə qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tədbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib.
Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən Bernar Menye Azərbaycana səfərinin əsas məqsədinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin yeni binasının açılışında iştirak olduğunu deyib, bu ali məktəbin gələcəkdə ölkə təhsilinə böyük töhfələr verəcəyinə əminliyini vurğulayıb. Fransanın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən Menye gələcəkdə iki ölkə arasında elmi əlaqələrin daha da güclənməsinin zəruri olduğunu qeyd edib.
Sonra Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Tədqiqat və İnnovasiyalar üzrə baş direktoru Alen Beretz Azərbaycan və Fransa arasında mövcud olan elmi əlaqələrdən, təcrübə mübadiləsindən danışıb. Akademiyanın Fransanın Monpelye Universiteti ilə sıx əməkdaşlığından və iki təşkilat arasında gələcəkdə imzalanacaq sazişdən söz açan Beretz ölkəsinin digər elm və təhsil mərkəzlərinin də Azərbaycanın müvafiq təşkilatları ilə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.
Alen Beretz innovasiya sahəsində həyata keçirilən layihələrdən, iki ölkə arasında doktorant mübadiləsindən danışaraq gələcəkdə də bu kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişlənməsinin zəruriliyini qeyd edib.
Görüşdə həmçinin Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Riyaziyyat ve kompüter elmləri departamentinin rəhbəri Pyer Kollet, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Yohan Şiterer, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB