“Ətraf mühitin mühafizəsinə dair məktəblilər arasında maarifləndirmə işinin təşkili” layihəsi başa çatıb

“Ətraf mühitin mühafizəsinə dair məktəblilər arasında maarifləndirmə işinin təşkili” layihəsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Ətraf mühitin mühafizəsinə dair məktəblilər arasında maarifləndirmə işinin təşkili" layihəsi başa çatıb. SİA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi dəyirmi masada layihənin direktoru Tural Məmmədov məlumat verib. Tədbiri giriş sözü ilə açan T.Məmmədov Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (TBƏİB) tərəfindən keçirilən sözügedən layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

"Cari il aprelin 1-də icrasına başladığımız layihənin birinci mərhələsi mayın ortalarında başa çatdı. Lakin məktəblilərin yay tətilinə buraxılması səbəbindən ikinci mərhələnin müddətinin uzadılması xahişi ilə Şuraya müraciət etdik və xahişimiz qəbul olundu. Beləliklə, ikinci icra müddəti 15.09.2010-10.10.2010 tarixləri arasına təyin olundu. Bu dövr ərzində təşkilatımız üzərinə götürdüyü məktəblilər arasında ətraf mühit problemlərinə həsr olunmuş diskussiyaların keçirilməsi və ətraf mühitin mühafizəsinin təşkilinə dair seminar-treyninqlərin təşkil olunması vəzifələrini uğurla həyata keçirib. Nəticədə 16-25 sentyabr tarixləri ərzində Sumqayıt şəhər Z.Hacıyev adına 17 N-li orta məktəbdə 60-dan şagird arasında göstərilən istiqamətlər üzrə diskussiya və treyninqlər həyata keçirib", - deyə layihə rəhbəri bildirib.

T.Məmmədovun verdiyi məlumata əsasən, diskussiyalar zamanı "Ölkəmizi ekoloji təhlükədən necə qorumalı?" və "Ətraf mühitlə hansı formada davranılmalı?" mövzularında müzakirə və debatlar həyata keçirilib. Eyni zamanda, "Planetimizin yarandığı gündən indiyədək ekoloji durumu", "Elmi-texniki tərəqqinin ətraf mühitə vurduğu ziyanlar" və "Azərbaycanda ekoloji vəziyyət və bu istiqamətdə görülmüş işlər" istiqamətlərində mühazirələr oxunub.

"Dəyirmi masa"da daha sonra ekologiya üzrə mütəxəssislərə söz verilərək, sözügedən layihənin əhəmiyyətindən, ümumilikdə ətraf mühit problemlərindən, şagirdlər arasında bu cür maarifləndirici işin aparılmasının vacibliyindən və digər mühüm məsələlərdən bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə