Geologiya və Geofizika İnstitutunda "Bilik Günü" qeyd olundu

Geologiya və Geofizika İnstitutunda "Bilik Günü" qeyd olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar tədbir keçirildi.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, institut kollektivinin övladları üçün keçirilən tədbir GGİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olundu. Komitənin sədri, institutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev uşaqları salamladı və elm haqqında ətraflı məlumat verdi. Elm sahəsinin nə qədər maraqlı və önəmli olduğunu izah edən natiq elmə gedən yolların məhz orta məktəblərdən başladığını bildirdi. Qeyd olundu ki, uşaqlarla görüşdə məqsəd elmə xidmət edən əməkdaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaqdır. K.Əliyev uşaqlarla görüşün institut rəhbərliyinin xüsusi dəstəyi ilə keçirildiyini qeyd etdi.

Tədbirin bədii hissəsində uşaqlara peşəkar aktyorlar tərəfindən əyləncəli proqramlar təqdim olundu, məntiqi müsabiqələr keçirildi. Aparıcının şən nəğmələri, klounun gülməli zarafatları tədbirin əyləncəsinə xüsusi rəng qatdı. Azyaşlılar isə maraqlı şeirlər söylədi, rəqs etdi və digər bacarıqlarını göstərdilər. Sonra şagirdlərə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olundu. Bu hədiyyələr ümumən 50-dən çox uşağın könlünü oxşadı. Onlar arasında 10 nəfər məktəbə qədəmini məhz bu il qoyaraq, I sinif şagirdi adını qazanır.

Tədbir xatirə şəkilləri və videolentləri, həmçinin şagirdlərə təhsil yollarında uğurlu nəticələr arzu edən çıxışlarla yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə