Neftçilər qan verib
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininh (ARDNŞ) birgə hazırladığı qrafikə uyğun olaraq şirkətin idarə və müəssisələrində qanvermə aksiyası uğurla davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, institutun Mərkəzi Qan Bankı tərəfindən həyata keçirilən aksiyada bu dəfə Neft Daşlarında çalışan neftçilər iştirak ediblər.

Qanvermə aksiyasına "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi, Dəniz Qazma İşləri İdarəsi, habelə burada yerləşən digər idarə və müəssisələrin nümayəndələri qoşulublar. Talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə neftçilərlə yanaşı idarə rəhbərləri, inşaatçılar, nəqliyyatçılar, geofiziklər, yangınsöndürənlər, ticarətçilər, mühafizəçilər, veteran neftçilər də qan veriblər. Neft Daşlarının Tibbi-sanitar hissəsində həyata keçirilən aksiyada 400-ə yaxın donor iştirak edib.

Qeyd edək ki, "Neft Daşları" NQÇİ–nin rəhbərliyi aksiyanın mütəşəkkil keçirilməsi üçün bütün təşkilatı məsələləri yüksək səviyyədə həll edib. Toplanan qan yoxlamadan keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkənlərə, habelə doğum evlərinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə