Bəhruz Quliyev: “Media cəmiyyət və dövlət arasında ən böyük körpüdür” - MÜSAHİBƏ (Layihə)
Müsahibimiz "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
- Bəhruz müəllim, Azərbaycanda medianın inkişaf meyillərini və mövcud durumu necə qiymətləndirirsiniz?
- Azərbaycan mediası öz tarixinin bütün dövrlərində proqresə meyilli, optimist əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rolu oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin "Əkinçi"sindən üzü bəri mətbuatımız şərəfli və çətin yol keçib. Çar Rusiyası dövründə və cumhuriyyət dövründə mətbuatımız cəmiyyətin əsasən ziyalı təbəqəsini əhatə edirdisə, sovet dönəmində geniş xalq kütlələrinin aparıcı qüvvəsinə çevrildi. Müstəqilliyimizi bərpa etdikdən sonra isə, mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində problemlər yaratmışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi. Həqiqətən də, ümummilli lider Heydər Əliyevin Azərbaycanda azad sözün, mətbuatın inkişafında böyük хidmətləri olub. Tam məsuliyyətlə demək olar ki, ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı həqiqi azadlığa nail oldu. 1992-93-cü illərdə ümumiyyətlə, Azərbaycanda mətbuat azadlığından danışmaq mümkün deyildi. Mətbuata senzura tətbiq olunurdu. "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsində bütün qəzetlər senzuradan keçdikdən sonra çapa icazə verilirdi. Qəzetlər istədiyi yazını, məlumatı səhifəyə qoya bilmirdi.
Ulu öndərin hakimiyyətə gəlişindən sonra məhz Onun diqqət və qayğısı nəticəsində mətbuata qoyulan qadağalar aradan qaldırıldı, müstəqil, azad mətbuatın əsası qoyuldu. Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaхilə var. Bu gün ölkədə 4000-ə yaхın qəzet, jurnal, bundan da çox internet mediası var və onlar istədiklərini yazırlar.
- Bəzən jurnalsitlərin azad fəaliyyət göstərməsində müəyyən maneələr olduğu haqda fikirlər səsləndirilir. Sizcə, Azərbaycanda söz və mətbuat azadlığı nə durumdadır?
- Hələ ötən sərin 90-cı illərində ümummilli lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müхtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müхtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb. Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görülüb. Bu həqiqətdir və real durumu əks etdirir. Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Qeyd edim ki, Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir. Хatırladım ki, cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Bundan başqa, hər il Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən onlarla mətbu orqana 10-20 min manat həcmində birdəfəlik yardımlar verilir. Fond mətbuat orqanlarının layihələrini də maliyyələşdirir və jurnalistlər arasılnda müsabiqələr keçirir. Təbii ki, inkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.
- Sizcə, medianın maddi-texniki durumunun yaxşılaşması və xüsusən də qəzetlərin hansısa qüvvələrdən maliyyə asılığının olmaması üçün ilk növbədə nə etmək lazımdır?
- Bilirsiniz ki, son illərdə Azərbaycanda inkişafda olan sahələrdən biri də mediadır. Kütləvi İnformasiya Vasitələri Azərbaycanda kifayət qədər nüfuzlu və obrazlı desək dördüncü hakimiyyət olaraq cəmiyyətin önündə gedir. KİV-in inkişafı hər bir cəmiyyətin maariflənməsi, məlumatlandırılması üçün çox mühümdür. Bu səbəbdən də Azərbaycanda bu sahənin inkişafında dövlətin də marağı var və son illərdə mediaya dövlət dəstəyi ilə bağlı bir çox işlər həyata keçirilib. Lakin bununla belə etiraf etməliyik ki, media sektorunda və jurnalistika fəaliyyətində hələ də problemlər və həll edilməsi gərəkən məsələlər qalır. Bazar iqtisadiyyatı şəraitində mətbuatın fəaliyyəti üçün çoxsaylı problemlər yaranır. Çünki qəzetlər əgər ciddi hədəflər seçiblərsə, o zaman bir sıra problemləri həll etməlidirlər. Belə bir iddiada olan qəzetin normal ofisi, müasir texniki bazası, peşəkar yaradıcı və texniki heyəti, internet resursu, ölkənin bölgələrində müxbir postları və s. imkanları olmalıdır. Təbii ki, belə imkanların yaradılması böyük maliyyə vəsaiti tələb edir ki, indiki qəzet bolluğu şəraitində də qəzet və jurnalların bu vəsaiti satışla qarşılayacağı real deyil. Bildiyiniz kimi, print-medianın reklam bazarında da payı çox aşağıdır. Bütün bu kimi, problemləri nəzərə aldıqda, dövlət tərəfindən mətbauta keçid dövrü olaraq maliyyə yardımlarının edilməsi çox müsbət haldır. Bu səbəbdən də mətbuata dövlət dəstəyi fondunun fəaliyyətini çox müsbət qiymətləndirirəm və bunun Azərbaycan mediasının inkişafına daha böyük təkan verəcəyi qənatəindəyəm. Amma onu da qeyd edim ki, əksər ölkələrdə medianın inkişafına dövlət maddi dəstək verməyib, bu sahə bazarın tələblərinə uyğun fəaliyyət göstərərər özünə yer tiutub. Sevimdiricidir ki, Azərbaycanda bu sahəyə dövlətin davamlı diqqət və qayğısı var və cənab prezident öz fərman və sərəncamları ilə bu iradəni ortaya qoyub.
- Azərbaycanda ənənəvi olaraq belə bir fikir formalaşıb ki, media vətənpərvər olmalıdır. Amma bir sıra media mütəхəssisləri hesab edir ki, KİV-in başlıca vəzifəsi хəbər istehsalı, cəmiyyətə obyektiv хəbərlərin çatdırılmasıdır. Sizcə media hansı prinsipi rəhbər tutmalıdır?
- Hesab edirəm ki, müstəqil medianın inkişafı dövlətin marağındadır və ölkədə vətəndaş cəmiyyətinin qurulmasında azad medianın rolu danılmazdır. Nəzərə almalıyıq ki, bir sıra təşkilatların, dövlət orqanlarının büdcəsindən maliyyələşən mətbu orqanlardan fərqli olaraq, müstəqil mətbaut indiki oxucu qıtlığı və qəzet bolluğunda öz maddi ehtiyaclarını qarşılaya bilmirlər. Dövlətin onlara təmənnasız göstərdiyi maddi yardımlar isə, həmin sektorun sıradan çıxmasının qarşısını alacaq və inkişaf etmələri üçün hər cür şərait yaradacaq. Bütün KİV-lər, həm də ideoloyi silahdır. Vətənimizin bir hissəsi işğal olunub, faktiki olaraq, respublikamız müharibə şəraitindədir. İndi qəzetlər cəmiyyətə obyektiv, qərəzsiz və operativ informasiya verməkdən əlavə ideoloyi silah rolunu da oynamalıdırlar. Bizim ideoloyi silahımız nədən ibarətdir? Mətbuat gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynamalıdır. Bu məsələdə televiziyaların imkanları qəzetlərdən çoх genişdir. KİV-in əsas funksiyalarından biri də maarifləndirmədir. KİV cəmiyyəti maarifləndirməli, tariхimizin, adət-ənənələrimizin, milli dəyərlərmizin qorunmasının qayğısına qalmalı, azərbaycançılığa хidmət etməlidir. Media cəmiyyət və dövlət arasında ən böyük körpüdür. Bu körpü sağlam dirəklər üzərində dayanmalıdır.
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB