Mərakeş Krallığı Parlamentinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olublar

Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin nümayəndə heyəti bu gün Heydər Əliyev Fondu ilə tanış olub. SİA-nın məlumatına görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun tarixi və məqsədləri barədə məlumat verilib. Bildirilib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanıb. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilən xatirə medalına, ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə baxıblar. Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanıb.

Ulu öndərin şəxsi arxivindən götürülən və onun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurub.

Məlumat verilib ki, ulu öndərin xatirəsinə İstanbul, Ankara, Ceyhan, İğdır, Qars, habelə Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr ucaldılıb. Fondla tanışlıqdan sonra qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə