Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə olub.
Müşavirədə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün Naxçıvanda 29 muzey, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və digər mədəniyyət, turizm obyektləri fəaliyyət göstərir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən 21-i müstəqil qazanxana sistemi, 2-si ümumiləşdirilmiş istilik sistemi, 4-ü isə dizel yanacağı ilə, digər əsas müəssisələrdən 2-si qazanxana sistemi, 8-i isə ümumiləşdirilmiş qaydada qızdırılacaq.
Bildirilib ki, cari ildə nazirliyin tabeliyində olan müəssisələrin ehtiyacı üçün 40 min litr dizel yanacağı, 77 kvadratmetr şüşə, 91 şifer, 600 kiloqram maye qaz alınacaq. Müəssisə və təşkilatlarda müstəqil qazanxana və kombi sistemlərinin mövsümə hazırlığı vəziyyəti də yoxlanılır, onlar tam hazır vəziyyətə gətirilir.
Qeyd olunub ki, mədəniyyət müəssisələri də daxil olmaqla nazirliyin sistemindəki bütün müəssisələr payız-qış mövsümündə yaradılacaq fasiləsiz iş şəraitindən səmərəli istifadə etməli, işini günün tələbləri səviyyəsində qurmalı, əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərməli, tədris prosesi tələb olunan səviyyədə qurulmalı və asudə vaxtın səmərəli təşkil edilməsi təmin olunmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərdən bəhs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB