Son günlər əhali arasında Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına və şüalanmanın olacağı ilə bağlı xəbərdarlıq mesajları yayılmaqdadır. Bir çoxlarımız bu cür xəbərdarlıqları qeyri-ciddi qəbul etsək də, bəzilərimiz bunun həqiqət olduğuna inanırıq. Bəs görəsən bu cür mesajlar nədən qaynaqlanır və belə xəbərdarlıqların əsası varmı?
Məsələ ilə bağlı SİA-ya açıqllama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, insanlar arasında yayılan mesajların heç bir əsası yoxdur: " Xəbərdarlıqda Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına, şüalanmanın olacağı qeyd edilib. bu yalan məlumatlardır. Əgər bu hal baş versə belə onun mobil telefonlara, texnikaya hər hansı təsirindən söhbət gedə bilməz. Çünki ay özünün deyil, Günəşin şüalarını əks etdirir. O ki qaldı Ayın Yerə yaxınlaşması məsələsinə, hər bir ay ərzində Ayın Yerə yaxınlaşması və uzaqlaşması halları müşahidə edilir".
X. Mikayılov qeyd edib ki, 2017-ci ildə Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq: "Bu zaman Ayla Yer arasında 369 min km məsafə olacaq. Bu yaxınlaşma adi hallardan biri hesab olunur. Ayın Yerə yaxınlaşması zamanı da hansısa təhlükəli halların olması gözlənilmir. Sadəcə müəyyən qrup insanlar var ki, onlar əhalini qorxutmağa çalışırlar. İnsanlar bu cür məlumatlara inanmamalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB