Sentyabrın 1-i Rusiya məktəbliləri, tələbələri və müəllimləri üçün yeni tədris ilinin başlanğıcıdır. Ənənəyə uyğun olaraq Rusiya məktəblərində bu gün təntənəli tədbirlər, sinif saatları, Bilik gününə həsr edilən dərslər təşkil edilir.
Moskva şəhəri dövlət büdcəsindən maliyyələşən orta ümumtəhsil müəssisəsində - Kərim Kərimov adına 1583 nömrəli gimnaziyada da bu gün bayram əhval-ruhiyyəsi hökm sürürdü. Gimnaziyanın müəllim və şagirdlərinin təntənəli tədbirində iştirak edən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) nümayəndələri İlqar Hacıyev və Aybəniz Rüstəmova ÜAK-ın prezidenti Fazil Qurbanovun adından hamını Bilik günü münasibətilə təbrik edərək müvəffəqiyyətlər arzulayıblar.
Gimnaziyanın baş direktoru Svetlana Dvoryantseva ilə görüşdə ÜAK nümayəndələri sovet kosmik proqramlarının əsasını qoyanlardan biri olan, Azərbaycan və sovet alimi, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr edilən tədbirlərin onun adını daşıyan təhsil ocağında keçirilməsi məsələsini müzakirə ediblər. S.Dvoryantseva qeyd edib ki, bu məqsədlə Moskva Təhsil Departamenti maliyyə vəsaiti ayıracaq və gimnaziyada təşkilat komitəsi yaradılacaq. Görkəmli həmvətənimizin 100 illiyi ilə əlaqədar təntənəli tədbirlərin keçirilməsində ÜAK olduqca fəal iştirak edəcək.
ÜAK nümayəndələri, həmçinin gimnaziyada təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Vurğulanıb ki, Moskva Şəhər Departamentinin köməyi ilə məktəbdə Azərbaycan dilinin tədrisi davam etdirilir, kosmonavtika muzeyi, Azərbaycan milli geyimlərinin, musiqi alətlərinin və s. qorunub saxlandığı "Birlik" klubu fəaliyyət göstərir. Həmçinin gimnaziya şagirdlərinin və müəllimlərinin Azərbaycana səfərinin təşkili barədə razılıq əldə edilib.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB