“Uşaqların düzgün qidalandırılması üçün vəsait hazırlanıb” AÇIQLAMA

“Uşaqların düzgün qidalandırılması üçün vəsait hazırlanıb” AÇIQLAMA

“Səhiyyə Nazirliyinin müvafiq tapşırığına əsasən Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmələr gigiyenası, eyni zamanda qidalanma gigiyenası kafedrasının əməkdaşları, eləcə də İctimai Səhiyyə İslahatlar Mərkəzi ilə birgə yeni vəsait hazırlanıb. Vəsait “5 yaşa qədər uşaqların sağlam qidalandırılması” adlanır”. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitdə məktəb yaşına qədər uşaqların - istər baxça, istərsə də evdə dünya təcrübəsinə uyğun olaraq necə qidalandırılması öz əksini tapıb: “Metodik vəsaitdən həm tibb işçiləri, həm də vətəndaşlar yararlanaraq uşaqların düzgün qidalanmasını təşkil edə bilərlər”.

Məktəblilərin qidalanmasına dövlət tərəfindən nəzarət olunduğunu deyən baş pediatr söyləyib ki, məktəblilərin daha tez yolla hazırlanan qidalardan uzaq saxlanması tələb olunur: “ Biz maksimum şəkildə uşaqların təbii, yaşlarına uyğun və onların ehtiyaclarını ödəyən qidaların qəbuluna çalışmalıyıq”.

N. Quliyev qeyd edib ki, Azərbaycanda 1990-ci illərin sonuna qədər uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərində qidalanma tənəffüs üzvlərindən sonra ikinci yerdə dayanırdı: “Lakin ölkəmizin hərtərəfli inkişafı sayəsində yoxsulluğun aradan qalxması problemin həllinə imkan verib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə