Atmosferi çirkləndirən 60 sürücü barədə protokollar tərtib edilib
Avqustun 26-da Xaçmazda keçirilən reyd zamanı atmosferi çirkləndirən 60 avtomobilin sürücüsü barədə protokollar tərtib edilib.
AZƏRTAC-ın məlumatında deyilir ki, Xaçmaz Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsi və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi daşıyan “Təmiz hava” aylığı çərçivəsində təşkil edilib.
Reyd zamanı saxlanılan nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin rəisi Elşad Nəbiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, şəhərin Nəriman Nərimanov prospektində keçirilən reyd zamanı, ümumilikdə, 300-dən çox avtomobil fərdi qaydada yoxlanılıb. Atmosferi çirkləndirən 60 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.
Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin nəzərinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB