“2017 İslam Həmrəylik ili və Mehriban xanım Əliyeva” TƏDBİR

“2017 İslam Həmrəylik ili və Mehriban xanım Əliyeva” TƏDBİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “EL-1” İdman Federasiyasının təşkilatçılığı ilə “2017 İslam Həmrəylik ili və Mehriban xanım Əliyeva” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “EL-1” İdman Federasiyasının rəhbəri, tanınmış idmançı Elçin Çobanzadə, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, diplomatik korpusun nümayəndələri, ziyalılar və KİV iştirak edib.

Tədbirə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra Mehriban xanım Əliyevaya ünvanlanmış müraciət oxunub.

“EL-1” İdman Federasiyasının rəhbəri, tanınmış idmançı Elçin Çobanzadə Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib.

O deyib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev bildirib ki, hazırda ölkəmizdə hər bir idman növündə olan yarışlar keçirilir və bunun üçün bütün imkanlar var: “Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır.

X.İsayev Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan idmanının inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulayıb.

Tədbir diskussiya şəklində davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə