Mövcud hava şəraiti çaylara da təsir etdi

Mövcud hava şəraiti çaylara da təsir etdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 77 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 26.0 m3/s təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2 sm, Surrada 3 sm azalma, Şirvanda 6 sm, Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2016-cı il avqustun 25-də 361 sm), Salyanda 146 sm (2016-cı il avqustun 25-də 144 sm), Bankədə 191 sm (2016-cı il avqustun 25-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 25-də 75 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə