Diffamasiya haqda Qanuna ehtiyac varmı? - LAYİHƏ

Diffamasiya haqda Qanuna ehtiyac varmı? - LAYİHƏ

Hazırda həm ölkədə fəaliyyət göstərən bir sıra jurnalist təşkilatları, həm də beynəlxalq təşkilatlar Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunu zəruri sayırlar. Lakin bir sıra ekspertlər də qeyd edirlər ki, məsələyə birtərəfli yanaşmaq olmaz.

Dünya ölkələrinin hərəsi, ayrı milli psixologiyaya, fərqli qanunlara, mentalitetə və demokratik inkişaf səviyyəsinə malikdir. Bu səbəbdən də məsələyə müxtəlif baxışlar var.

Öncə Azərbaycan mediasının durumunu qısaca gözdən keçirək. Ölkədə 4000-dən artıq KİV qeydiyyatdan keçib, hələ bura internet media resursları daxil deyil. Jurnalistlər azad və sərbəst şəkildə istədiklərini yazırlar. Bizim mətbuatda nəinki tənqid, hətta təhqir halları da geniş yayılıb. Lakin, bu təhqir, böhtan və şantajlara görə, jurnalistlərə qarşı neçə məhkəmə işi açılıb? Tək-tük belə hallar var. Əgər qanuna qalsa, onda bir ayda jurnalistlərə qarşı yüzlərlə məhkəmə işi qaldırıla bilər. İndiki şəraitdə Azərbaycanda "Diffamasiya haqda" qanunun qəbuluna ehtiyac yoxdur.

Çünki bizdə media qanunvericiliyi mükəmməl formadadır, bunu beynəlxalq təşkilatlar da etiraf edirlər. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir şəxs öz şərəf və ləyaqətinin müdafiəsi hüququna malikdir və dövlət bu hüququ müdafiə etməlidir. Bu şəxs ictimaiyyət arasında tanınmış şəxs olarsa, böhtan və təhqir xüsusilə onun imicinə ağır zərbə vurur. Biz özümüz jurnalistik deyə, haqsızlığa imkan yaratmalı deyilik ki?

Gəlin bir anlığa özümüzü o şəxsin yerinə qoyaq. Sən illərlə ağır zəhmət çək, özünə hörmət qazan, sonda bir jurnalist səni yalan və böhtanla ləkələsin. Media hər hansı bir informasiyanı qısa zamanda milyonlara təqdim etmək qüdrətindədir. Lakin siz bunun yalan olduğunu hamıya izah etmək üçün qapı-qapı düşüb əksini sübut etməlisiniz. Bəzən təkziblə də iş bitmir. Həmin materalı oxuyan oxucuların ola bilər ki, məsələn 50%- həmin təkzibi görməsinlər. Bu səbəbdən jurnalistlər yoxlanılmamış və təsdiq olunmamış məlumatları yaymaqda ehtiyatlı olmalıdırlar.

Bəzən bir yanlış informasiya, hansısa şəxsin, etnik, dini və ya digər sosial qrupun hüquqlarını pozmuş və onları təhqir etmiş olar. Bir qədər öncə Milli Məclisdə "KİV haqqında" Qanuna edilən əlavə və dəyişikliklər jurnalistlər tərəfindən birmənalı qarşılanmadı. Bəzi həmkarlarımız düşünürlər ki, bu dəyişikliklər jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin unutmayaq ki, "KİV haqqında Qanuna edilən əlavə və dəyişikliklər Konstitusiya dəyişikliyindən irəli gələn hüquqi prosedurdur.

Ötən ilin martında ölkədə keçirilən referendumda xalq Ana Yasamızda bəzi maddələrin dəyişdirilməsinə və əlavə edilməsinə səs verdi. Referendumdan sonra təbii olaraq əksər qanunlara da uyğun əlavə və dəyişikliklər edildi. "KİV haqqında" Qanun da bu sıradadır. Qeyd edək ki, dəyişdirilən maddələr qanunların daha da təkmilləşməsinə gətirib çıxarıb. Hamımız bilirik ki, bizim media qanunvericiliyində müəyyən çatışmazlıq və boşluqlar var idi. Dəyişikliklər məhv mübahisəli məqamların dəqiqləşdirilməsinə səbəb oldu. Ona görə də hesab etmək olmaz ki, bu dəyişikliklər jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. Əksinə, jurnalistləri daha məsuliyyətli olmağa, dəqiq və qərəzsiz informasiya yaymağa həvəsləndirəcək. Belə olduqda, təbii ki, məhkəmə çəkişmələri də azalacaq, cəmiyyət-media münasibətləri daha da yaxşılaşacaq. Bəziləri bildirirlər ki, guya icazəsiz foto və video çəkiliş aparılmasına qadağa qoyulur. Bə məsələyə səthi yanaşmanı göstərir. Əslində, burada söhbət insanların şəxsi həyatlarının ictimaiyyət qarşısına çıxarılmamasından gedir. Tutaq ki, hansısa bir məmur və ya digər ictimai xadim işdən sonra hardasa istirahət edir. Heç kimi ixtiyarı yoxdur ki, onun öz ailəsi, dostları ilə münasibətlərini mediada hay-küylə yayıb istədiyi kimi təqdim etsin.

Gəlin bir anlıq belə bir halı nəzərdən keçirək. Tutaq ki, bir kişi cəmiyyətdə kifayət qədər tanınmış, nüfuz sahibi olan bir insandır və öz bacısı ilə hansısa bir kafedə oturub yemək yeyir. Onları gizlicə lentə alan jurnalist və tamaşaçılar isə kim olduqlarını bilmirlər. Axşam televiziyada və ya internetdə belə bir xəbər yayımlanır ki, bəs "filankəs restoranda gözəl bir xanımla romantik şam yeməyi zamanı kameralarımıza yaxalandı"...

Sonrasını özünüz də təsəvvür edə bilərsiniz. Bax qanun bu cür məsələləri tənzimləmək üçündür. Yoxsa cəmiyyətdə anarxiya olar. Demokratiya anarxiya olmadığı kimi, mətbuat azadlığı da provakasiya demək deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə