Astarada tələbələrlə görüş

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev avqustun 24-də respublinkanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.

Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2016-2017-ci tədris ilinin təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırıb.

İcra başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, azərbaycanlı gənclərin keçmiş ittifaqın yüksək təhsil verən ali məktəblərinə göndərilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni edib. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılır. Son illər rayonda 40-dan çox məktəb binası yeni tikilib, yaxud əsaslı təmir olunub

Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmalıdır. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 235 nəfər tələbə adını qazanıb ki, bunlardan 9 nəfər 600-dən yuxarı, 22 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə, 4 nəfər məzun isə ali hərbi məktəblərə daxil olub.

Tədbirdə valideynlərdən Fazil Zülfüqarov, Qədir Allahverdiyev, İlkin Xanıyev və başqaları çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər. 675 balla Bakı Ali Neft Məktəbinə daxil olan Şiyəkəran kənd 2 saylı tam orta məktəbin məzunu Nicat Allahverdiyev, 630 balla Azərbaycan Tibb Universitetinə daxil olan Astara şəhər 3 saylı tam orta məktəbinin məzunu Əsmər Əsgərzadə, 663 balla Bakı Ali Neft Məktəbinə daxil olan Motlayataq kənd tam orta məktəbin məzunu Hacızadə Sabir Rizvan oğlu çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə və daha çox məzunu ali məktəblərə daxil olmuş Astara şəhər 1, 2 və 5 saylı, Pensər kənd 2 saylı, Şahağac kənd 2 saylı, Təngərüd və Səncərədi kənd tam orta məktəbin direktorlarına rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilib, xatirə şəkli çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə