Adımız, andımız QA-RA-BAĞ!!!

Biz, azərbaycanlılar futboldan danışarkən, adətən xarici klublar, yaxud da yığma komandalar haqqında mülahizələr söyləyir, nəticədə nəyə görə milli klublarımızın, ya da milli yığmamızın eyni uğurlar qazanmamasından təəssüf hissləri keçirirdik. Məğlubiyyətlər, acı hisslər yaşamaq, bunu azarkeşlərə yaşatmaq isə sanki boyumuza ölçülmüşdü. Böyük fərqli məğlubiyyətlərdən isə danışmağa dəyməzdi...Ən yaxşı halda “top yumrudur” deyib, özümüzə təskinlik verir, ya da ki, digər idman növlərində qazanılan parlaq qələbələrlə futbol məğlubiyyətlərini ört-basdsır edirdik.

İnam və ümid sonda ölür deyiblər...

Lakin zaman keçdikcə, futbolçularımız da vaxtilə aldıqları acı məğlubiyyət atəşləri üzərinə əldə etdikləri az-az qələbələri ilə su səpirdilər. Hələ 1998-ci ildə Azərbaycan millisinin İsveçrə üzərində qazandığı tarixi qələbəsini xatırlayarkən, həmin günün sevincini demirəm...Avropanın cırtdan komandalarını demirəm, Finlandiya, Norveç, Türkiyə və s. ölkələrlə yanaşı, post-sovet ölkələrinin futbol yığmaları üzərindəki qələbələrini də unutmaq insafsızlıq olardı.

Üstəlik, MDB ölkələri arasında keçirilən “Birlik kuboku”nda Neftçinin, Xəzər Lənkəranın, İnterin qələbələrini də buraya əlavə etsək, xüsusilə Ermənistanın Ararat, Pünkik kimi klubları üzərindəki qələbə sevinclərini xatırlasaq fitbolumuzun bizi az sevindirmədiyini deyə bilərik. Ancaq...

Ancaq inkişafın da zəif getdiyi bəlli idi. Avrokubokların, Dünya və Avropa çempionatlarının seçmə mərhələləri zamanı uursuzluqlarımız uğurlarımızdan çox idi.

İnam və ümid isə sonda ölür deyiblər və bəlkə də avqustun 23-də Qarabağ adlı klubumuzun Danimarkanın Kopenhageni hətta qələbəyə bərabər məğlubiyyətlə keçməsi həmin hissi tam mənada reallığı ilə yaşatmış oldu. Biz ümidliydik, çünki Bakıda Qarabağ Kopenhagenə 1:0 hesabı ilə qalib gəlmişdi. Ancaq etiraf edək ki, bir çox futbol mütəxəssisləri bu hesabı təhlükəli hesab kimi qiymətləndiriblər. Bu səbəbdən, necə deyərlər, 90 dəqiqə ərzində “ürək-göbəyimizi” yedik, 90 dəfə “öldük-dirildik”. Sonunda isə hər şey bəllidir...Sevinc çığlıqları, küçələrə axışmaq, daha nələr və nələr...

Qarabağımıza da Qarabağımızla qələbə ilə gedəcəyik

Artıq biz, azərbaycanlılar da sinəmizə döyüb, adımız, andımız Qarabağı işarə edib avropalılar qarşısında öyünə bilərik. Biz azərbaycanlılar da “futbolumuz inkişaf edir, yeni-yeni qələbələrə doğru gedir” deyə sinəmizə döyə bilərik. Biz azərbaycanlılar da ümidin axırda ölməsi reallığını dərk etdikdən sonra Neftçimizin, Kəpəzimizin, Qəbələmizin və s. milli klublarımızın çox yaxın vaxtlarda Avrokuboklarda top qovacaqlarına inanacağıq. Bu inamı isə bizə məhz Qarabağ yaşatdı. Qarabağımızın qələbəsi bizi digər qələbələrə doğru səsləyir, Qarabağımıza da Qarabağımızla qələbə ilə gedəcəyik İnşaAllah!

Bütün xəbərlər Facebook səhifəmizdə