Murtuzəli Həsənov: "Taxıl istehsalının azalması əhalinin buğdaya olan təlabatının ödənməyəcəyi anlamına gəlmir" - MÜSAHİBƏ
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətini rəhbəri Murtuzəli Həsənovun SİA-ya ekslüziv müsahibəsi:
- Rəsmi məlumatlara görə bu il Azərbaycanda taxıl istehsalı 34% azalıb. Bu rəqəm narahatlıq üçün nə qədər əsaslıdır?
- Bəli bu doğudur, ümumiyyətlə taxıl sahəsində bu il məhsuldarlıq və istehsal az olub. Bildiyimiz kimi, bu il Azərbaycanda hava şəraiti qeyri-sabit keçib. Əlverişsiz hava şəraiti isə taxıl sahəsinə öz təsirini göstərib. Eyni zamanda daşqınlar taxılla yanaşı, buğda istehsalına da öz təsirini göstərib. Məhsuldarlığa ciddi ziyan dəyib.
- Məhsuldarlığın azalmasına daşqınlardan başqa daha hansı səbəblər öz təsirini göstərib?
- Təbii ki, məhsuldarlığın azalmasının səbəbi yalnız əlverişsiz hava şəraiti olmayıb. Respublikanın taxılçılıq rayonlarında taxılda olan sarımsaq xəstəliyi də məhsuldarlığa ciddi təsir göstərib. Çünki xəstəliyə tutulmuş taxıl bitkiləri istehsal üçün faydasızlaşır və tələf olur. Bununla yanaşı, dəndolma bazasında sünbüldə olan dənin bir qismi bu il keyfiyyətsiz olub. Bu da bilavasitə taxıl məhsuldarlığının qıtlaşmasına səbəb olub.
- Murtuzəli müəllim, qeyd etdiyiniz xəstəliklərin qarşısının alınması üçün hansısa tədbirlər görülürmü?
- Təbii ki, keyfiyyətin yüksəldilməsi və ya sabit qalması üçün tədbirlər görülür. Amma buna tam təsir etmək də qeyri- mümkündür, çünki bəzi xəstəliklər təbii proseslərdən yaranır və tədbirlərlə qarşısını almaq çətin olur. Həm də bu il hava şəraitinin tələf etdiyi sahələrə əvvəlcədən tədbir görülməsi mümkünsüz idi.
- Hazırda taxıl istehsalındakı son məlumatlarla bağlı nə deyə bilərsiniz?
- Statistik məlumata görə, payızlıq və yazlıq dənli bitkilərin yığımı yekunlaşmaq üzrədir. Bu vaxta qədər respublikada 1.9 milyon ton taxıl istehsal olunub. Bunun 1.3 milyon tonunu buğda təşkil edir. Qarğıdalı da daxil olmaqla ilin sonuna kimi 2 milyon tondan çox istehsal gözlənilir.
- Keçən illə müqayisədə məhsuldarlıqda nə qədər fərq müşahidə edilir?
- Bu il məhsuldarlıq 19.9 sentner təşkil edir. Keçən il isə məhsuldarlıq 25.9 sentner təşkil edirdi. Yəni keçən illə müqayisədə, istehsal 6 sentner aşağıdır. Digər tərəfdən isə keçən illə müqayisədə bu il 157 min hektar az əkin olub. Ümumilikdə götürdükdə isə 157 min hektarın az əkilməsi və 26 min hektarın sel suları altında qalması 400 min ton taxıl deməkdir.
- Buğda istehsalının azalması əhalinin un məmulatlarına olan təlabatına nə dərəcədə təsir edəcək?
- Respublika əhalisinin ərzaq buğdasına olan təlabatı 1.6 milyon tondur. Bunun isə 1.3 milyon tonu buğdadır. Yığılan buğdanın müəyyən bir hissəsi təmizləndikdən sonra, təqribən 1 milyon 100 min ton ərzaq buğdası qalır. Amma bu əhalinin təlabatının ödənməyəcəyi anlamına gəlmir. Təlabatın eyni səviyyədə qarşılanması üçün əlimizdən gələni edirik. Təbii ki, buna Azərbaycana MDB ölkələrindən ediləcək taxıl idxalı da kömək edəcək.
- İdxal mövzusuna gəlmişkən, Rusiyadakı yanğınlar idxalla bağlı əlavə problem yaradıb. Bu məsələyə münasibətiniz...
- Təbii ki, Rusiyadakı yanğınlar taxıl idxalına təsir göstərib, amma bu elə də ciddi təsir deyil. Çünki Azərbaycana Rusiya ilə yanaşı, əsasən Qazaxıstandan taxıl idxal olunur. Ona görə də, taxıl qıtlığı mövzusunda ciddi problem yaşanacağı gözlənilmir.
- Buğda istehsalının azalması Azərbaycanda buğda bazarlarındakı məhsulların qiymətinə təsir edəcəkmi?
- Bir qədər əvvəl Azərbaycanda taxıl qıtlığı ilə əlaqədar olaraq çörəyin qiymətinin artacağı gözlənillirdi. Amma müşahidələr və bəzi monitorinqlər nəticəsində belə bir artım qeydə alınmadı. Buğdaya gəldikdə isə, mövcud olan qıtlıq MDB ölkələrindən ediləcək idxalla qarşılanır. Buna görə də un məmulatlarında da belə bir artım gözlənilmir. Amma monitorinqlər aparılacaq, artım olarsa bu bilinəcək.
- Taxıl istehsalının azalması heyvandarlığa nə dərəcədə təsir edəcək?
- Bəli, bu mövzu ilə əlaqədar olaraq taxılın azalması ilə yanaşı arpa istehsalına da toxunmalıyıq. Bu il taxıl istehsalı ilə yanaşı, arpada da azalma müşahidə edilir. Amma bu heyvandarlığa qismən təsir edir. Çünki heyvandarlıq məhsullarının istehsalı bu il keçən illə müqayisədə artıb. Ümumiyyətlə, istər arpa istehsalında, istərsə də yumurta istehsalında artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB