Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qennadiy Axramoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Belarus arasında elmi əlaqələrin uğurla inkişaf etdiyi, perspektiv əməkdaşlığa dair müxtəlif tədbirlərin, görüşlərin təşkil edildiyi bildirilib. Görüş zamanı elmi-texniki əməkdaşlıq istiqamətində perspektiv planlar, tərəflər arasında əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmləri və imkanlar müzakirə olunub.
Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələrində Azərbaycan-Belarus elmi-texniki əməkdaşlığına dair proqram çərçivəsində görülən işlərdən danışıb. Vitse-prezident AMEA ilə Belarusun elmi mərkəzləri arasında elmi-tədqiqat sahəsində müştərək layihə və inkişaf proqramlarının həyata keçirilməsinin önəmli olduğunu vurğulayıb. Qeyd edilib ki, Belarus tərəfdən təqdim olunan layihələr ətrafında müzakirələr aparılıb dəyərləndirildikdən sonra rəy və təkliflər irəli sürüləcək.
Səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Qennadiy Axramoviç ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da inkişafına əminliyini ifadə edib.
Görüşdə, həmçinin AMEA Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB